25 İyun, 2026 / 7 dəq. oxunur

Aləmə şərafət bəxş edən İmam

İmam Hüseynin (ə) Kərbəla səhnəsində göstərdiyi fədakarlıq tarixdə tayı-bərabəri olmayan bir hadisə olmaqla yanaşı, insanlığın mənəvi təkamülü üçün açılmış bir qapıdır. O, Allah yolunda öz canını, övladlarını və ailəsini fəda etməklə bəşəriyyətin şərafətə çatması üçün böyük bir qapı açdı. Bu qapıdan keçən hər kəs ruhən təkamül etmək və nuraniyyətə çatmaq imkanına sahib olur.

Məhz bu mənəvi əzəmətin nəticəsidir ki, hədislərə görə peyğəmbərlər belə hər həftənin cümə axşamı İmam Hüseyni (ə) ziyarət edirlər. [1]


Bu, çox düşündürücü bir həqiqətdir. Nə üçün uca məqam sahibi olan peyğəmbərlər hər həftə İmamın ziyarətinə gəlirlər? Bu sual bizi bir neçə ehtimal üzərində düşünməyə vadar edir. Görəsən, onlar İmam Hüseynin (ə) Allah yolunda etdiyi böyük fədakarlığa görə ona borclu olduqlarını düşünürlər? Bəlkə Allahın əmrinə görə bu ziyarəti yerinə yetirirlər? Yoxsa bu ziyarətdən mənəvi bəhrə götürürlər?

İrfani yanaşma və şiə fəlsəfəsi nöqteyi-nəzərinə əsasən aydın olur ki, İmam Hüseynin (ə) Kərbəlası insanlıq tarixində elə bir mənəvi dönüş nöqtəsidir ki, onunla əlaqə yaratmaq və onu ziyarət etmək istər mələklər, istər peyğəmbərlər, istərsə də adi insanlar üçün böyük bir lütf və şərafətdir. Peyğəmbərlər, əlbəttə ki, ilahi və seçilmiş şəxslərdir. Lakin 14 Məsumun (ə) məqamı daha böyükdür. Çünki Əhli-Beyt (ə) ilkin yaradılışın, kamilliyin və ilahi nurun ən ali təcəllisidir. Bu baxımdan demək olar ki, peyğəmbərlərin İmam Hüseyni (ə) ziyarət etməsi də daha çox ilahi şərafət əldə etmək üçündür. Bu isə İmam Hüseynin (ə) Allah yolunda etdiyi fədakarlığın nə qədər böyük dəyərə malik olduğunu göstərir.

Əgər peyğəmbərlər belə onun ziyarətindən mənəvi bəhrə götürürlərsə, deməli, İmam Hüseynin (ə) ziyarəti və əza məclisləri təkcə sıravi insanlara deyil, bütün aləmə şərafət bəxş edir.

Bu həqiqəti daha da aydınlaşdıran bir hədisdə İmam Sadiq (ə) buyurur ki, İmam Hüseyn (ə) öz əza məclislərində iştirak edənlərin adlarını bir-bir qeyd edir, hətta atası İmam Əlidən (ə) onlar üçün dua etməsini istəyir və buyurur: “Allah bu əzadarlığa görə sizin üçün çox böyük mükafat hazırlayıb”. 

Burada yeni bir sual yaranır. Görəsən, İmam Əli (ə) bu insanlar üçün dua etməklə onlara təşəkkürmü edir, yoxsa özünü onlara borclu hesab edir? Əslində məsələ bundan daha dərindir və ontoloji mahiyyət daşıyır.

Bu məclislərə toplaşan insanlar təsadüfi insanlar deyillər. Onlar min ildən artıq əvvəl şəhid edilmiş bir imamın dərdinə şərik ola bilən, onun müsibətinə göz yaşı tökən şəxslərdir. Bu isə onların ruhunda xüsusi mənəvi potensialın olduğunu göstərir. Onlar İmam Hüseyni (ə) tanıya biliblər, haqqı dərk ediblər, qəlblərində mərifət və məhəbbət daşıyırlar. İmam Hüseyni (ə) tapa bilmək, onu sevmək və onun üçün ağlaya bilmək insanın daxilindəki fitri yaxşılığın cücərdiyinin göstəricisidir.

Məhz buna görə də İmam Əli (ə) onların bu potensialının daha da inkişaf etməsi üçün dua edir. Çünki Əhli-Beytin (ə) missiyası insanları yalnız yaxşı ilə pisə ayırmaq deyil, yaxşı potensiala sahib olan insanları daha yüksək kamillik mərtəbələrinə çatdırmaqdır. Pislikdə israr edən insanı məcburən dəyişdirmək mümkün olmasa da, haqqa meylli olan insanın mənəvi inkişafına şərait yaratmaq mümkündür. 


Bu həqiqəti İmam Əlinin (ə) məşhur kəlamı da təsdiqləyir: “Əgər məni sevsin deyə münafiq üçün hər şeyi etsəm, yenə də məni sevməz. Amma məni sevənin burnuna xəncərlə vursam, daxilində mənə qarşı zərrə qədər kin yaranmaz”.

Bu hədis göstərir ki, Əhli-Beytlə insan arasındakı bağlılıq insanın kimliyi ilə əlaqədardır. Deməli, əsas məsələ insanın fitrət və kimlik etibarilə yaxşı olmasıdır. Zehni və ya psixoloji problemlərin olması onun kimliyinin pis olması demək deyildir.

Əgər bir insan Hüseyn məclisinə gəlirsə, bu artıq onun daxilində haqqa qarşı meylin və mənəvi hazırlığın mövcud olduğunu göstərir. Belə insanlar bu yolu seçə bildiklərinə görə xüsusi potensiala malikdirlər. Əhli-Beyt (ə) isə məhz bu potensialı kamilləşdirmək üçün göndərilmişdir.

Beləliklə, İmam Əlinin (ə) bizim üçün dua etməsi təsadüfi deyildir. Çünki biz seçim etmişik, bu məclislərə üz tutmuşuq və bu özü müəyyən mərifətin nişanəsidir. Bu məclislər yaxşı insanları daha da yaxşı edir, onların ruhuna şərafət bəxş edir.

Əgər biz bu qədər şərafətə baxmayaraq hələ də mənəvi dəyişiklik hiss etmiriksə, deməli, problem məclislərdə deyil, özümüzdədir. Onlar bizə ilahi feyz bəxş edirlər, lakin biz onu yalnız tutumumuz qədər qəbul edə bilirik. Buna görə də həmin ilahi feyzi daha artıq dərk etmək üçün mənəvi tutumumuzu artırmağa çalışmalıyıq.

İmam Hüseynin (ə) rolu məhz buna görə misilsizdir. O, Allah yolunda elə bir fədakarlıq göstərdi ki, insanlıq onun sayəsində şərafət qazandı. Hətta peyğəmbərlər belə daha çox şərafət əldə etmək üçün onu ziyarət edirlər. Mələklər də onu ziyarət etməyə gəlirlər. Bu isə göstərir ki, İmam Hüseyn (ə) şərafət dəryasıdır və insanlıq bu dəryadan bəhrələndikcə paklanır və ucalır.

Bu baxımdan o Həzrət Kərbəlada belə buyururdu: “Əgər mənim qanımla, canımla və ailəmin əsarəti ilə babam Məhəmmədin dini yaşayacaqsa, qoy qılınclar məni doğrasın”. Bu söz onun qiyamının əsl məqsədini ortaya qoyur. O, özünü fəda etməklə dinin yaşamasını, insanlığın hidayətini və aləmin şərafətini təmin etdi. Bununla yanaşı, o, bizə Quranda buyurulan "Əhli-Beyti sevin" həqiqətini də öz qanı ilə çatdırdı: “De: Mən sizdən bunun müqabilində Əhli-Beytimə məhəbbətdən başqa heç bir muzd istəmirəm” (Şura, 23). İmam Hüseynin (ə) Kərbəlası insanları məhz bu sevgiyə yönəltmək üçün idi və o, bu məqsədə nail oldu. Bu sevgi isə Əhli-Beytin deyil, bizim öz mənəvi kamilliyimiz üçündür. Elə buna görə də buyurulmuşdur: “Bizim məclisimizdə nəfəs almağınız təsbeh, ah çəkməyiniz isə ibadətdir”.

Deməli, İmam Hüseynin (ə) əza məclisləri insan ruhunun təkamülündə misilsiz rol oynayır. Bu məclislər ruhun saflaşmasının, mənəvi təkamülü və ilahi mərifətin mühüm vasitəsidir. İnsanlıq məhz İmam Hüseyn (ə) vasitəsilə bir çox ilahi həqiqətlərlə tanış olur.


Qurani-Kərim də insanı həqiqətlərlə tanış etmək üçün nazil olmuş, Allah-Mütəal bu məqsədlə peyğəmbərlər göndərmişdir. Sonuncu Peyğəmbər Həzrət Məhəmməd (s) bu ilahi missiyanı iyirmi üç il ərzində böyük zəhmət və fədakarlıqla yerinə yetirmişdir. Lakin hidayət missiyası onunla sona çatmamışdır. Allah-taala buyurur: "Sən ancaq qorxudansan, hər bir qövm üçün isə bir hidayət edən vardır" (Rəd, 7). 

Bu ayə göstərir ki, hidayət ilahi proqram olaraq davam edir və Peyğəmbərdən (s) sonra bu vəzifə Əhli-Beytə (ə) həvalə edilmişdir. Hidayət isə təkcə insanı dinə gətirmək deyil, onu mənəvi baxımdan daha yüksək mərtəbələrə çatdırmaqdır. Məhz bu ilahi missiyanın ən parlaq təcəssümlərindən biri İmam Hüseynin (ə) Kərbəla qiyamıdır. Onun fədakarlığı bəşəriyyət üçün hidayət, şərafət və mənəvi kamillik məktəbinə çevrilmişdir.




¹ (İbn Quləveyh, "Kamilüz-Ziyarət", səh. 114, hədis 1)




Oxşar məqalələr