21 Oktyabr, 2024 / 15 dəq. oxunur

Dinin kamillik bayramı

Mündəricat: 

1. Qədir-Xum - "Eydullahul-Əkbər"- dir. 

2. Qədir-Xum tarixi bir seyrdir.

3. Qədir-Xum hadisəsi -  İlahi Höccət sistemini ayaqda saxladı.

4. Qədir-Xum hadisəsi əhli-sünnət və şiə mənbələrində 

5. Mövla" sözü "Dost" yoxsa "Vəli, Rəhbər" mənasındadır? 

6. Qədir-Xum hadisəsini inkar edən şəxsə nazil olan əzab

7. Qədir-Xum hadisəsi – Allahın hədəfinin gerçəkləşdiyi gündür. 

8. Qədir-Xum bayramı - Dinin kamillik bayramıdır. 

9. Qədir-Xum hadisəsinin verdiyi  mesajlar.




Qədir-Xum dinin kamilləşdiyi, nemətlərin tamamlandığı, peyğəmbərlik sisteminin imamət sistemi ilə əvəz olunduğu, Hz. Əli (ə) və ondan sonra gələn pak İmamların vilayətinin ən bariz şəkildə təsdiqləndiyi, İslam tarixinin ən əzəmətli və möhtərəm bayramıdır. Bu hadisənin səhihliyi barədə əhli-sünnət və şiə mənbələrində 100-dən çox hədis qeyd olunmasına baxmayaraq, yalnız şiə məzhəbinin ardıcılları tərəfindən bu gün mübarək bayram olaraq qeyd olunmaqdadır. 



1. Qədir-Xum -"Eydullahul-Əkbər"- dir

 

Əhli-Beyt, (ə) bu günü bütün bayramların ən üstünü, "Eydullahul-Əkbər" - "Ən böyük bayram" adlandırmış və həmin günü təntənəli şəkildə qeyd etməyi, ilahi ziyafət süfrəsindən bəhrələnməyi müsəlmanlara şiddətlə tövsiyə etmişdir. Bu zaman belə bir sual zehnləri düşünməklə məşğul edə bilər: İslam dünyasında Qurban, Ramazan kimi böyük əhəmiyyətə malik bayramlar mövcud olduğu və bütün müsəlmanlar tərəfindən yekdilliklə keçirildiyi halda, nə üçün Qədir-Xum bütün bayramlardan daha üstün bayram hesab olunur? Bunun səbəbi nədir? 


Məlum olduğu kimi İslam dini üsuliddin və füruiddinin sütunları üzərində qurulmuş, üsuliddin dinin kök və əsası, füruidin isə sanki onun budaqlarıdır. Daha dəqiq desək, Üsuliddin etiqadi, füruiddin  isə əməli məsələləri özündə ehtiva etməkdədir. Qurani-Kərimdə Ramazan ayı və oruc tutmaq barədə bir çox ayə vardır ki, buna istinadən insanlar bir ay ərzində oruc tutur və Şəvval ayının birinci gününü bayram qərar verirlər. Onlar Allahın əmrinə itaət edərək nəfsi ilə mübarizə aparır, təkcə haramlardan çəkilməklə kifayətlənməyib, hətta bəzi halallardan belə bu müddət ərzində imtina edirlər. Ona görə də bir ayın tamamında Ramazan bayramı bütün müsəlmanlar üçün müqəddəs və mübarək hesab olunur. Eynilə, Qurban bayramı üçün də qeyd etmək olar ki, həcc ziyarəti üçün yola düşən zəvvarlar həcc mərasiminin ibadətlərini nizam-intizamla yerinə yetirdikdən sonra, nəhayət Zilhiccə ayının onuncu günü qurbanlarını kəsərək bayram edirlər. Buradan çıxış edərək qeyd etmək olar ki, müsəlmanların müqəddəs iki bayramı olan Ramazan və Qurban bayramı daha çox rituallardan, əməllərdən ibarətdir. Allahın əmrinə uyğun olaraq müvəffəqiyyətlə yerinə yetirilən bu əməllər sayəsində insan nəfslə mübarizədə qalibiyyət əldə edə və ruhunun təkamülü üçün şərait yarada bilir. 


Deməli, bu bayramlar İslamın etiqadi deyil, əməli, praktiki hissəsinə - füruiddinə aiddir.


Qədir-Xum bayramını onlardan fərqləndirən və “Eydullahul-Əkbər” adlandırılmasına səbəb olan amil  isə onun hansısa dini ritualdan qaynaqlanmaması və dinin əsaslarından biri hesab olunmasıdır. İslam dinin (şiə əqidəsinə əsasən) 5 əsası (tövhid, ədl, nübuvvət, imamət, məad) vardır ki, onlardan biri olmadığı zaman insanın etiqadı şübhə altına düşə, bütün əməlləri əhəmiyyətini itirə bilər. Məsələn, Nübuvvəti qəbul etməmiş bir tövhidçi  ömür boyunca oruc, namaz və s. kimi vacib ibadətləri yerinə yetirsə belə, heç bir əhəmiyyəti olmayacaqdır. Başqa ifadə ilə desək, insan bu ibadətlər sayəsində hasil olan xeyirlərdən məhrum olacaq, ruhunun təkamülünə maneə yaradacaq. Çünki "Qədir-Xum" hadisəsi birbaşa olaraq üsuliddinlə, yəni etiqadla bağlıdır. Qədir-Xum günü İmamət sistemi insanlara təqdim olundu. Nübuvvət sistemi imamətlə kamilləşdi. Məhz din bu zaman  kamil oldu. Qeyd olunanlardan aydın olur ki, Qədir-Xum bayramı dinin özülü, onun ayrılmaz bir hissəsidir. Bu bayram sözün əsl mənasında "Eydullahul-Əkbər"- dir. Məsum İmamlardan olan hədislər də bunu təsdiq edir. İmam Sadiq (ə) öz atasından nəql edir ki, Peyğəmbər (s) buyurub: “Qədir-Xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala mənə Əlinin (ə) canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsun". (Biharul ənvar” Əllamə Məclisi c.94,s.118)


Başqa rəvayətə əsasən İmam Sadiq (ə)-dan bu barədə : “müsəlmanların qurban və fitr bayramından başqa digər bayramı varmı?”- deyə sual edərkən, İmam cavabında: “bəli, o bütün bayramlardan  uca və   əzəmətlidir, o gün, Möminlərin Əmirinin Peyğəmbərin canişini təyin olunduğu gündür". (Biharul ənvar” Əllamə Məclisi c.94,s.110) . 



2. Qədir-Xum tarixə bir seyrdir


Həzrət Peyğəmbər (s) hicrətin onuncu ili həcc mərasiminin təntənəli bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə yollandı. Çünki bu, Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Həcc mərasimi qaydaya uyğun şəkildə, nizam-intizamla yerinə yetirildikdən sonra Həzrət Məhəmməd (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə Zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qeyd edək ki, Məkkə ilə Mədinə arasındakı məsafə 500 km -ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən 6 mil (təqribən 10 km.) məsafədə Cühfə kəndi yerləşirdi. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birindən ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl Qədir-Xum hadisəsi baş verdi.


Həzrət Peyğəmbər (s) vəfatından sonra baş verəcək hadisələrdən ötrü çox nigaranlıq keçirirdi. Çünki O, gələcəkdəki hadisələri görür, ümmətinin Əli əleyhissalama olan münasibətinin o qədər də ürəkaçan olmadığını çox yaxşı anlayırdı. Sanki onu özünə xəlifə və canişin seçdiyini elan etməklə xalqın arasında şəkk-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi. 


Cəbrayılın (ə) Həzrət Peyğəmbərin (s) qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda doğurdu: “Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni çatdır, əgər çatdırmasan, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!"

(Maidə, 67) "Risalətini yerinə yetirmiş olmazsan", yəni, iyirmi üç il ümmət üçün göstərdiyin səy hədər getmiş olar, nəinki Allah sanki, əmrini yerinə yetirmədiyi təqdirdə Hz Məhəmmədi (s) peyğəmbərlikdən məhrum etməklə tədələyir, qorxudurdu. Peyğəmbərlik sistemi, vəhy (konsepsiya) Peyğəmbərdən sonra dayansa da, Quran barədə  gizli qalan həqiqətlər, təfsir olunmamış ayələr yalnız höccətlər tərəfindən insanlara düzgün şəkildə çatdırıla bilərdi. 


Həmçinin belə bir risalət günəşinin vəkaləti, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (s) bütün kamal və dəyərlərinə o şəxs sahib idi. Bu şəxsiyyət Әli ibni Әbu Talibdən başqa kim ola bilərdi, axı? O Әli (ə) ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tərifləyərək buyurmuşdu ki, Әli ümmətimin ən elmlisidir, mən elmin şəhəriyəm, Әli (ə) də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Әliyə müraciət etsin. Elə buna görə də Hz Әli əleyhissalam minbərdə həmişə belə deyərdi: "Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!".


Odur ki, Allahın əmrinə uyğun olaraq Hz Peyğəmbər (s) İslam dinini təkmilləşdirmək üçün Әli əleyhisslamı xəlifəliyə seçmək qərarına gəldi. Qədir- Xum günü Allah :"Bu gün islam dinini kamil edib sizlərə nemətimi tamamladım"- ayəsi ilə öz Peyğəmbərini təbrik edərək müjdə vermiş, beləlikə, bu gün tarixin səhifələrinə yazılmışdı. Açıq-aşkardır ki, bu müqəddəs bir qayıdış, eləcə də bərəkətli bir həcc idi. 


Beləliklə, Zil-həccə ayının 18-də Cühfədən 2 mil (təqribən 3 km) məsafədə yerləşən Qədir-Xum vahəsinə yetişdikdə Həzrət Peyğəmbər (s) karvanların dayanması əmrini verdi. Qızmar günəşli havada, hacıların yorğun bir halda öz yurdlarına qayıtdığı, evinə çatanların və öndə olanların geriyə qayıtmasıvə geridə qalanların gəlib çatması əmri həqiqətən zehinlərdə belə bir sual yaradırdı: “Görəsən, necə əhəmiyyətli bir məsələni Peyğəmbər bizlə çatdıracaqdır”. Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.


Karvanın dayandığı yerdə dəvə kəcavələrindən minbər quruldu. Həzrət Məhəmməd(s) camaatla zöhr namazını qıldıqdan sonra  hazırlanmış minbərə qalxıb xütbə söylədi. Peyğəmbər xütbənin əvvəlində Allaha həmd-səna etdikdən və tezliklə bu dünyanı tərk edəcəyini bildirdikdən sonra məşhur "səqəleyn" hədisini bir daha söylədi. O həzrət müsəlmanlara xatırlatdı ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və öz itrətini (nəslini) ümmətə tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər. "Ey insanlar! Mən də bir bəşərəm və yaxın vaxtlarda Rəbbimin elçisi (ölüm mələyi) mənim yanıma (canımı almağa) gələr və mən də ona cavab verərəm (dünyadan köçərəm) Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlardan birincisi içərisində nur və hidayət olan Allahın kitabıdır (Quran). Allahın kitabını tutun və ona sarılın". Sonra buyurdu: "Digəri isə mənim Әhli-beytimdir (ə). Sizdən istəyirəm ki, onlar barəsində düşünərkən və rəftar edərkən Allahı yaddan çıxarmayasanız".


Hədisin axırı bu şəkildə nəql edilmişdir:

"O iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz". Göründüyü kimi Peyğəmbər (s) Quran və Әhli-beytə "Səqələyn" adını verdi. "Səql" minnət ilə verilən dəyərli və ağır şeyə deyilir.

Quran və Әhli-beyt də bu xüsusiyyətə malikdirlər. Məhz buna görə də Peyğəmbər (s) öz ümmətini onlara tabe olaraq yolları ilə getməyə təşviq edir. Bəziləri isə: "Onların hüqularının qorunması və riayət edilməsi vacib olduğu üçün onlara "Səqələyn" adı verilib"- deyirlər. Onlar Allahın kitabını hamıdan artıq bildikləri üçün və Cənnət hovuzunda Peyğəmbərə (s) qovuşana qədər Qurandan ayrılmayacaqlarına görə əziz tutulmalı və onların hüquqlarına riayət olunmalıdır. 


Daha sonra Peyğəmbər yanında dayanmış Əli ibn Əbu Talibin əlini tutaraq yuxarı qaldırdı və soruşdu: "Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?" Yerdən cavab verdilər: "Bunu Allah və Onun elçisi yaxşı bilir". Peyğəmbər buyurdu: "Allah mənim Mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: "İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!".


Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim" (Maidə 3-cü ayədən). Sonra Peyğəmbər Əli ibn Əbu Talib üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Hz Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Hətta Peyğəmbərin xanımları da münasib bir şəkildə Hz Əliyə (ə) təbriklərini çatdırdılar. Bu mərasim gecənin üçdən-bir hissəsi keçənə kimi davam etdi. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar. Hətta Ömər bu sözləri demişdi: "Xoş sənin halına, ey Əbu Talibin oğlu! Mənim, habelə, bütün mömin kişi və qadınların mövlası oldun!" 



3. Qədir-Xum hadisəsi -  İlahi Höccət sistemini ayaqda saxladı


Rəd surəsinin 7-ci ayəsində Allah- Mütəal buyurur: "Kafirlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. Sən yalnız qorxudansan, hər qövmün doğru yol göstərən bir rəhbəri vardır". Bu ayədə " qorxudansan" sözü ilk baxışda insanda fərqli təəssürat yarada bilər. Ona görə də təfsirçilərin bu barədə fikirlərinə diqqət etmək daha doğru olar. Təfsirçilər qeyd edir ki, Allah Peyğəmbərə "sən yalnız qoxudansan" xitabı ilə bildirmək istəyir ki, “həqiqətlərdən xəbərdar edənsən”.  Bu zaman belə bir sual yaranır ki, bəs Allahın sonuncu Peyğəmbərinin ümmətin hidayət edən rəhbəri seçilməməsinin səbəbi nə idi? O bu işdə layiqli kəs deyildimi deyə Allah Mütəal belə bir ayə nazil etmişdir, yoxsa başqa bir səbəbdən dolayı bunu qeyd edir? 


Qeyd edəcəyik ki, əslində məsələyə daha geniş prizmadan baxmaq lazımdır. Ümumi olaraq İslam tarixinin ilk yaradandığı vaxtlara nəzər salsaq, Həzrəti Məhəmməd(s), Ərəbistanı cahiliyyət zülmətinin bürüdüyü, bütpərəstlik, qız uşaqlarını diri-diri basdırmaq və digər mənfi əməllərin bütün əxlaqi dəyərləri aradan apardığı, ərəb dünyasını bədbəxtliyə qərq etdiyi bir zamanda Peyğəmbər seçilmişdi. Onun iyirmi üç illik peyğəmbərliyi hicrət, daxili və xarici çəkişmələr, müharibələrdən tutmuş ən xırda məsələləri həll etməklə keçmişdi. Habelə, İslam ümumbəşəri bir din olduğu üçün qiyamətə qədər davam etməli idi. Bütün bu və digər səbəblər, Həzrəti Məhəmmədin (s) qövmün hidayət edən rəhbəri olmaq məsələsini mümkünsüz edirdi. Belə ki, Peyğəmbərə ilahi konsepsiya (vəhy) nazil olsa da, onun dünyadan köçməsi ilə ilahi höccət sistemi aradan getməməli, qiyamətə qədər bu dinin nümayəndəsi olmalı idi. 



4. Qədir-Xum hadisəsi əhli-sünnət və şiə mənbələrində 


Tarix boyunca Qədir-Xum hadisəsi səhih və mötəbər rəvayətlər sırasında geniş yer almaqdadır. Tarixçilər, hədis alimləri, təfsir ustaları, filosoflar və şairlər öz əsərlərində Qədir-Xum əhvalatını təsvir etməyi fəxarət bilmişlər. Qədir-Xum hadisəsinin təsvir edilmədiyi mötəbər tarix, hədis və təfsir kitabı tapmaq isə çətindir. Əldə olan məlumatlara görə, bu hadisə barəsində indiyə kimi 26 müstəqil kitab qələmə alınmışdır. Təbəri, Hakim Həskani, İbn Üqdə, Əbu Səd Sicistani, Mir Hamid Hüseyn Hindi kimi dünya şöhrətli alimlər Qədir-Xum hədisinə bütöv kitab həsr etmişlər.


"Peyğəmbərin şairi" ləqəbi ilə tanınan Həssan ibn Sabit bu hadisəni elə oradaca nəzmə çəkmiş və Peyğəmbərin icazəsi ilə 10 beytlik "Qədir-Xumm" qəsidəsini söyləmişdi.


O cümlədən, Əbu Səd Sicistani 17 hissədən ibarət olan “Kitabüd-dirayə fil-hədisil-vəlayə” əsərində Qədir hədisini 120 nəfər səhabənin dilindən 1300 sənədlə rəvayət etmişdir. XX əsrin ən məşhur cəfəri alimlərindən sayılan təbrizli Əllamə Əbdülhüseyn Əmini İslam tarixinin bu iftixarlı hadisəsini 11 cildlik “Əl-Ğədir” kitabında araşdırmışdır. Həmin kitabda Qədir-Xum hədisi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. 



5. "Mövla" sözü "Dost" yoxsa "Vəli, Rəhbər" mənasındadır? 


Qeyd etmək yerinə düşər ki, yuxarıda adı çəkilən bu qədər sənəd və dəlillərlə rəvayət olunan “Qədir-xum” hadisəsinə bəzi alimlər fərqli şəkildə təfsir gətirmişlər. Onlar bu hadisənin inkarolunmaz bir həqiqət olduğunu qəbul edir, lakin Rəsulullah (s)-ın bu hədisdə “Mövla” sözünü dost mənasında nəzərdə tutduğunu, belə olan halda isə Əli (ə)-in imamət və xilafətinə dəlalət etmədiyini vurğulayırlar. Lakin müxtəlif dəlillər göstərir ki, hədisdə qeyd olunan “Mövla” sözü “Vəli”, “Başçı” və “Rəhbər” mənasını ifadə edir. 


Məntiqə uyğun şəkildə bunu deyə bilərik ki;


1) O zaman imam Əli (ə)-ın bütün möminlərlə dostluq məsələsi elə də gizli bir məsələ deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda karvanı qızmar günəşin istisində dayandırıb, Allah Rəsulunun uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?!


Halbuki Allah-Təala Qurani-kərimdə buyurur: “Möminlər bir-biriləri ilə qardaşdırlar”. Başqa bir ayədə isə: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur” – deyə buyurulur. Bu ayələrdən müsəlmanların bir-biri ilə qardaş və dost olması zatən hər kəsə bəlli idi. Bundan əlavə, dostluq elə bir məsələ deyildi ki, Peyğəmbər (s) onu deməklə canı təhlükəyə düşsün.


2) Əgər mövla sözünün bir mənası rəhbər, digər mənası dost deməkdirsə, nə üçün təkcə dost mənasını qəbul edək?! Mövla sözünün dəqiq hansı mənada olduğunu bilmiriksə, nəyə əsasən onun təkcə dost mənasında olduğunu qəbul etməliyik?! Rəsulallah (s) müsəlmanları yandırıcı səhrada dayandırıb və bir ucu cöhfəyə çatmaqda olan müsəlmanların geriyə qaytarılmasını əmr verir və sonra onlara “ey camaat Əlini sevin” deyir?!


3) Hədisin məzmununa bütünlükdə nəzər saldıqda görürük ki, Allah Rəsulu (s) müsəlmanlardan bir daha beyət alır: 

“Ey camaat, Mən sizə, sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi? Yəni mənim itaətim bir ilahi rəhbər kimi hamıya vacib deyilmi?" 

Müsəlmanlar bir daha bunu iqrar etdikdən sonra Allah Rəsulu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” deyə buyurur.


4) Cəlaləddin Suyuti “Durrul-mənsur” kitabında, Hakim Həskani “Şəvahidut-tənzil” kitabında, İbn Əbi Hatəm Razi “Təfsirul-ğədir” kitabında, Bədrəddin Hənəfi “Umdətul-qari” kitabında, Hafiz Əbu-bəkr Şirazi “Ma nəzələ minəl-Quran fi Əli” kitabında, Qazi Şükani “Fəthul-qədir” kitabında, Hafiz Təbəri “Əl-vilayə” kitabında, İbn Səbbağ Maliki “Fusulul-muhimmə” kitabında və 20-dən artıq digər Əhli-sünnə kitablarında Qədir-xum hadisəsini şərh edərkən yazmışlar: “Peyğəmbər (s) Qədir-xum səhrasına yetişdikdə Qurani-kərimin bu ayəsi nazil oldu: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi Peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan”. (Maidə 67)


Bu ayə nazil olan kimi Peyğəmbər (s) müsəlmanlara dayanmaq göstərişi verdi və məlum xütbəni oxudu. Əgər biz burada “mövla” sözünü dost mənasında qəbul etsək, onda belə çıxar ki, Allah-təala yeni bir ayə nazil edərək Öz Peyğəmbərinə əmr edir ki, xalqı isti səhrada dayandırıb Əlinin dostluğunu tövsiyə etsin və maraqlı burasıdır ki, Peyğəmbər (s) müsəlmanlara “Ey camaat! Əli ilə dost olun” deməsə, 23 illik Risalət və Peyğəmbərliyini yerinə yetirməmiş olacaq.


Qəbul edək ki, qeyd etdiyimiz ayənin məzmununa əsasən Rəsulullahın (s) risalətinin tamamlanması hesab olunan qızmar günəş altında 120 mindən artıq müsəlmana xitab edilən bu tarixi cümləni sadə bir dostluq mənasına yozmağımız, heç bir sağlam məntiq və düşüncəyə sığmır. 



6. Qədir-Xum hadisəsini inkar edən şəxsə nazil olan əzab 


Həzrəti Əli (ə)-ın vilayətini ordaca baş vermiş bir hadisə ilə də asanlıqla isbatlaya bilərik. Bu hadisə Həzrəti Əli (ə)-ın vilayət və imamətini inkar edən şəxsə nazil olan əzabla əlaqədardır və Rəsulullahın (s) Qədir-xumda həzrəti Əli (ə)-ı öz yerinə xəlifə təyin etdikdən və camaata o hadisəni, orada olmayanlara çatdırsın deyə buyurduqdan sonra baş vermişdir.


Belə ki, Haris ibni Nomani-Fehri Həzrəti Əli (ə)-ın Peyğəmbərin xəlifəsi və imam olaraq təyin edildiyi xəbərini eşitdikdə, buna dözməyib miniyinə minib Peyğəmbəri-Əkrəmin məscidinə doğru hərəkət etdi, Peyğəmbər (s)-ın hüzuruna yetişdikdə ona belə xitab etdi: “Ey Məhəmməd! Sən bizə Allahdan başqa İlah olmadığına, onun elçisi olduğuna iman etməyimizi əmr etdin, qəbul etdik. Gündə beş vaxt namaz qılmağı, Ramazan ayında oruc tutmağı, Beytullahı təvaf etməyi əmr etdin, yerinə yetirdik. Amma bunlarla kifayətlənməyib indi də bu cavanın (Əli (ə)-a işarə etdi) əlini qaldırıb “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” deyərək bizdən üstün tutdun. Bu əmr Allahdandır yoxsa səndən?!


Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, bu əmr məndən deyil; Rəhman və Rəhim olan Allah tərəfindəndir". O zaman o şəxs (Haris) “Ey Allahım, əgər Məhəmmədin dedikləri doğrudursa, onda bizim başımıza bir daş endir!”- deyərək dəvəsinə doğru getdi.


Ravi  qeyd edir: "Allaha and olsun ki, Haris hələ dəvəsinə çatmamış Allahu-təala göydən bir daş endirdi və o daş onun başını parça-parça etdi və bunun ardından Qurani-kərimin bu ayələri nazil oldu: “Bir nəfər vaqe olacaq əzab barədə soruşdu, o əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!” (Məaric 1-2-3)


Bu rəvayət “Məcməul-bəyan” kitabında Əbul-Qasim Həskanidən nəql olunmuşdur. Uyğun rəvayəti Əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi “Ruhul-məani” kitabında və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.


Əllamə Əmini “əl-Qədir” kitabında bu rəvayəti otuz nəfər Əhli-sünnə alimlərindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvini “Fəraidus-simtəyn”, Şeyx Muhəmməd Zərəndinin “Durərus-simteyn”, Şəmsəddin Şafeinin “Əssiracul-munir”, Suyutinin “Şərhu-camius-səğir”, Hafiz Əbu Ubeyd Hərəvinin “Təfsiru-Qəribil-Quran” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-sudur” kitablarından nəql etmişdir. 



7. Qədir-Xum hadisəsi – Allahın hədəfinin gerçəkləşdiyi gündür 


Yuxarıda da qeyd etdiyimiz kimi  bu xüsusda Maidə surəsinin 67-ci ayəsi nazil olmuşdu: “Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni çatdır, əgər çatdırmasan, risalətini yerinə yetirmiş olmazsan”. “Risalətini yerinə yetirmiş olmazsan", yəni iyirmi üç il ümmət üçün göstərdiyin səy hədər getmiş, Allahın hədəfi gerçəkləşməmiş olardı, nəinki Allah sanki onun əmrini yerinə yetirmədiyi təqdirdə Həzrəti Muhəmmədi peyğəmbərlikdən məhrum etməklə hədələyirdi. 

Peyğəmbərlik sistemi, vəhy (konsepsiya) Peyğəmbərdən sonra dayansa da, Quran barədə gizli qalan həqiqətlər, təfsir olunmamış ayələr yalnız höccətlər tərəfindən insanlara düzgün şəkildə çatdırıla bilərdi. 



8. Qədir-Xum bayramı - Dinin kamillik bayramıdır

 

Beləliklə, sonda “İkmal” ayəsi nazil oldu. Ayədə buyurulur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim". Ayədən aydın olur ki, Allahın dini məhz imamət sisteminin insanlara çatdırılması ilə kamil oldu, çünki imamət olmasaydı, Peyğəmbərdən (s) sonra İslam dini aradan gedəcəkdi. Allah-Təala bu ayə ilə bəndələrinə çatdırmaq istəyir ki, yalnız bu dinin sayəsində həqiqi hədəfə çatmaq mümkündür. O vaxta qədər din, ilahi konsepsiya, peyğəmbərlik sistemi var idi, amma din məhz imamət sistemi ilə kamilliyə qovuşdu. Qədir-Xum günü - dinin kamilləşmə günüdür. 


İmam Sadiq (ə) buyurur: “O gün oruc tutun, ibadət edin, Muhəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin”. Peyğəmbər (s)  bu günü bayram etməyi bütün müsəlmanlara vəsiyyət etmişdir.



9. Qədir-Xum hadisəsinin verdiyi mesajlar

 

Qədir-Xum hadisəsi nəticəsində bizlər anlayırıq ki; 

1. İlahi höccət, Yer üzündə davamlı şəkildə qalmalıdır, yer üzü höccətsiz olmayacaqdır. 

2. İslamda imamət sistemi dinin əsaslarındandır və onun ayrılmaz hissəsidir. 

3. Bu hadisə insanlar üçün test xarakteri daşıyır. 

4. Qədir-Xum hadisəsi - Vilayətin canlı sənədidir. 

5. Allahın hədəfinin gerçəkləşdiyi gündür. 

6. Qədir-Xum günü - dinin kamilləşdiyi  günüdür.

Oxşar məqalələr