25 Oktyabr, 2024 / 6 dəq. oxunur
Günahın təsirləri
Mündəricat:
- Günahın insan cismində və ictimai həyatındakı mənfi təsirləri
- Günahın insan ruhundakı təsirləri
- Günahın insanın axirət təcəssümündəki təsirləri
- Ruhun idrak vasitələri deyərkən nə başa düşülür?
- İnsanı günaha bu qədər sövq etdirən nədir?
- Günahsız keçən hər gün bayramdır
Günahdan çəkinmək həqiqi xoşbəxtlik yolunda atılan ən mühüm addımlardan, bəlkə də birincisidir. Çünki təqvaya riayət etməyən insanın həyatında heç bir uğurdan söhbət gedə bilməz. Lakin günümüzdə bu mövzunu gündəmə gətirmək insanların əksəriyyətini narahat edir. Ona görə ki, insanlara yalnız günahdan çəkinmək, təqvaya riayət etmək aşılanmış, günahın həqiqətindən isə bəhs edilməmişdi. Belə olan halda isə təbii olaraq insanlar bu mövzudan sıxıla və narahat ola bilər. Halbuki bu mövzu insanlar, xüsusilə dindarlar arasında həmişə aktuallığını qoruyub saxlamalıdır, çünki insan günahdan çəkinən zaman etdiyi digər əməllər - dinə xidmət, ehsan vermək, kitab yazmaq, xütbə etmək, ziyarətlərə getmək və s. - fayda verəcək. Əks təqdirdə bu əməllərin heç bir faydası olmayacaqdır. Odur ki, bu məqalədə təkcə günahın özü deyil, onun fəlsəfəsi və fəsadlarından, başqa sözlə günahın təsirlərindən bəhs edəcəyik.
Əvvəlcə, mövzunun ana xətti barədə məlumat verək. İnsanlar günahın həqiqi təsirlərindən xəbərsiz olduqları üçün günah və tövbə arasında sərgərdan qalmışlar. Yəni "günah etmək" sanki mehriban Allahın əmrindən çıxaraq onu incitmək kimi anlaşılmış, tövbə edərək bağışlanma diləməksə, Allahın rəhmətinin göstəricisi olaraq qəbul edilmişdir. Başqa sözlə, şeytan insanın gözündə Allahın rəhmətini o qədər böyütmüşdür ki, o, rahatlıqla öz nəfsinin istəklərinə tərəf getməyə, yəni günah etməyə cəsarətlənmişdir. İnsanın mənəviyyatının zəifliyi, müvəffəqiyyət qazanmamasının səbəbi də məhz günah etməsidir.
İndi isə hər kəs üçün maraqlı olan, günahın insan üçün hansı təsirlərə malik olduğuna diqqət edək. Günah insan həyatında müxtəlif mənfi təsirlərə malikdir ki, onları əsasən aşağıdakı şəkildə qruplaşdırmaq olar:
Günahın insan cismində və ictimai həyatındakı mənfi təsirləri
Günah insanın cismində, ictimai (sosial) həyatında müxtəlif mənfi təsirlərə malikdir.
Günahın cismimizdə və ictimai həyatımızda böyük maneəyə necə çevrilməsini nümunələr gətirməklə aydınlaşdıraq. Məsələn, donuz əti yemək, şərab içmək, zülm etmək, cinayət törətmək, zina etmək kimi günahlar, həm fiziki sağlamlığımızı, həm də ictimai həyatımızı uçuruma sürükləyir. Təsəvvür edək ki, şərab içməyə aludə olmuş bir şəxs həm sağlamlığına böyük zərər vurur, həmçinin sərxoşluq etməklə ictimai və sosial həyatda da onun imicinə xələl gəlir. İnsanların ona münasibəti mənfi yöndə dəyişir. Başqa sözlə, bu insan təkliyə məhkum olur. Bu sadəcə nümunələrdən biridir. Odur ki, insan günah etməklə Rəbbini incitməklə yanaşı, həmçinin öz cismini və insanlarla münasibətini də məhv etmişdir.
Günahın insan ruhundakı təsirləri
Daha şiddətli fəsad isə insanın bu günahları edərkən öz ruhuna vurduğu zərbələrdir. Çünki günah insanın mənəviyyatını aradan aparır, qəlbini viran edir. Günah, təyinatı Allahı və həqiqətləri dərk etmək olan qəlbin bu funksiyasını, dinamikliyini zəiflədir və məhv edir. Bu xüsusda Bəqərə surəsinin 7-ci ayəsində buyurulur: "Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır". Bu ayənin zahirindən belə görünür ki, Allah öz bəndəsinin qəlbini möhürləyir və onun qəlbi heç vaxt qəflətdən oyanmayacaq. Bu zaman belə sual yaranır ki, Allah niyə bəndəsinin qəlbini möhürləsin? Bu axı Allahın rəhmət və mərhəmətindən çox uzaqdır. Əslində isə ayə bizə izah etmək istəyir ki, burada Allah nəticədən xəbər verir. Yəni "möhürlədi" kimi yox, günah etdiyi üçün insanın qəlbi möhürləndi. Qəlb artıq mənəvi ləzzətləri almaq qabiliyyətini itirdi.
Məsum İmamlar (ə) da hədislərdə günahdan uzaq durmağı şiddətlə tövsiyə etmişlər. Çünki davamlı günah edən insanın imanı zəifləyir və tövbə qapıları onun üzünə bağlanır. Günah insanın qəlbinə elə hicablar çəkir ki, artıq insan istəsə də tövbə edə, günahdan çəkinə bilmir. Ona görə də, bizlər diqqətli olmalı, tez-tez günah edib tövbəni pozmaqdan çəkinməliyik.
Günahın insanın axirət təcəssümündəki təsirləri
Günah bizim dünyamızla yanaşı, axirətimizi də alt-üst edir. Belə ki, hər bir əməlimizin axirət təcəssümü vardır, yəni cənnət və cəhənnəm bizim əməllərimiz nəticəsində hasil olur. Yaxşı əməllər axirətdə xoş bir təcəssüm yaradır, günah isə onu pisliklərlə əvəz edir. Bu proses günah və tövbə arasında qalan insanın həzin sonunun göstəricisi, özünü necə aldatmasının bariz nümunəsidir. Bunu bir hədislə də aydınlaşdıra bilərik. Peyğəmbər (s) buyurmuşdur: "Kim “la ilahə illallah” desə, Allah-Taala bu zikrə qarşılıq cənnətdə ona ağac əkər". Bunu eşidən Qureyşli bir adam belə dedi: "Ya Rəsulullah! Onda bizim cənnətdə çox ağaclarımız olacaq. Çünki biz həmişə bu zikri söyləyirik. Rəsulullah (s) cavabında buyurdu: "Bəli, doğrudur. Ancaq onları günah atəşi ilə yandırmaqdan çəkinin". Hədisdən də anlaşılır ki, hər günah xeyirli əməli məhv edir. Odur ki, insan diqqətli olmalıdır, çünki şeytanın hiyləsi çox təhlükəlidir, insanları vəsvəsə edir və günaha don geyindirərək insanları azdırır. Allahın rəhmətini, tövbələri qəbul etdiyini göz önünə gətirərək, insanların rahatlıqla günah etməsi üçün şərait yaradır. Hətta insanlar bəzi hədisləri də bu istiqamətdə anlayırlar. Bu hədislərdən birini misal olaraq qeyd edək. Hədisdə buyurulur: "Əgər siz günah etməsəydiniz, Allah sizi məhv edib, yerinizə günah edib tövbə edən insanlar yaradardı". Bu hədisin zahirindən görünür ki, Allah sanki bəndəsini günah etməyə təhrik edir. Həqiqətdə isə mənası başqadır. Bu hədis bəzi insanların düşündüyü kimi insanların günahlarına bəraət qazandırmır, sadəcə insanın təbiət etibarilə günah edə bilən olması və Allahın öz mərhəməti ilə günahkarlardan tövbə edənləri bağışladığını bildirir.
Digər tərəfdən qeyd olunanlardan belə anlaşılmamalıdır ki, insan günahsız olmalıdır. Əlbəttə belə deyil, təbii ki, insanın günahları olacaq və Allahın rəhmətinin isbatı olan tövbə açarı da onun əlindədir. Lakin tövbə sayəsində insan bağışlansa belə, günahlar onun ruhundan təsirsiz ötüşməyəcək. Odur ki, bu günahlardan maksimum uzaqlaşmalı, onlarla aramızda böyük məsafələr yaratmalıyıq. Əks təqdirdə günah nəticəsində mənəviyyatımız aradan gedəcək.
Ruhun idrak vasitələri deyiləndə nə başa düşülür?
Din deyir ki, günahdan çəkinin, çünki "günah insanın ruhunu kor edir". Bu ifadəni anlamaq üçün ilk növbədə biz idrak, yəni hiss üzvlərimizin funksiyasını xatırlamalıyıq. Bizim 5 hiss üzvümüz vardır ki, hər biri cismimiz üçün fərqli informasiya mənbəyidir, məsələn, gözümüz görmə, qulağımız eşitmə, dilimiz dadbilmə funksiyasını daşıyır və s. İslam alimləri insanın mənəvi cəhətdən də sanki hiss üzvləri olduğunu qeyd edirlər. Mücərrəd olan ruhumuz müəyyən həqiqətləri onlar vasitəsilə anlayır və ləzzət ala bilir. Günah edən insanın ruhunun gözü kor, qulağı kar olduğu üçün ibadətlərdən ləzzət almaq potensialını itirir. Bizim Allahla tanışlığımız da ona görə informasiya xarakterli və əqli müstəvidədir ki, qəlb gözümüzlə onu görə bilmirik. Bu funksiyanı günah vasitəsilə yararsız hala salmışıq. Bu barədə bir hədisi qeyd etməyimiz yerinə düşər. Həzrət Əlidən (ə) soruşmuşlar: "Ya Əli, Allahı görürsənmi?" O Həzrət buyurdu: "Mən görmədiyim Allaha ibadət etmərəm". Bəziləri Onun bu sözünə şirk kimi baxdı, axı o, Allahı necə görə bilərdi, Allah görünən deyil. Təbii ki, Əli (ə) maddi gözü deyil, qəlb gözünün görməsi, mənəviyyatın açıq olmasını nəzərdə tuturdu. Mücərrəd həqiqətləri görmək, eşitmək, hiss edə bilmək üçün insan öz ruhunun idrak vasitələrindən muğayat olmalıdır. Məhz belə olan halda mücərrəd həqiqət aləminin qapıları insanın üzünə açılır. Peyğəmbər (s) bu barədə bir hədisdə belə buyurur :"Əgər siz günah etməsəydiniz, məscidə daxil olanda mələkləri görərdiniz". Peyğəmbər (s) çatdırmaq istəyir ki, günah nəticəsində insanların qəlb gözü kor olur və belə bir şəxs mücərrəd həqiqətləri görməkdən, mənəvi ləzzətlərdən məhrum olacaqdır. Nəticədə isə öz Rəbbini görə, Onu tapa bilməyəcəkdir.
İnsanı günaha bu qədər sövq etdirən nədir?
Ümumiyyətlə, bilməliyik ki, insan bu dünyada daim ləzzət axtarışındadır, çünki Allah onu ləzzətpərəst, ləzzət axtaran biçimdə yaratmışdır. Odur ki, insan bu ləzzətin həqiqi mənbəyini bilməyəndə günaha və yalançı ləzzətlərə doğru meyl edir. Deməli, ləzzət həqiqi və qeyri-həqiqi olur.
Həqiqi ləzzət insanın mənəvi cəhətdən aldığı ləzzətlərdir, ondan başqa bütün ləzzətlər isə zehni, yəni qeyri-həqiqi ləzzətlərdir.
İnsan vəhy vasitəsilə həqiqi ləzzət obyektinin məhz Allah olduğunu anlayır. Ancaq ona çatmaq, həqiqi ləzzəti dadmaq isə yalnız günahdan çəkinməklə mümkündür. Demək, günah imkan vermir ki, insan həqiqi ləzzətləri hiss etsin. Odur ki, insanlar ya özlərinə yalançı ləzzətlər yaradır, ya da günahın ləzzətinə qərq olur.
İnsan günahları ləzzət obyekti kimi gördüyü üçün onlara tərəf sürüklənir. Lakin ruhun həqiqi ehtiyac ünvanı günah ola bilməz. İnsan cisminin qidaya ehtiyacı olduğu kimi, ruhunun da qidaya ehtiyacı var. Bütün dini göstərişlər, rituallar və yaxşılıqlar insan ruhunun qidasıdır. Onları kompleks şəkildə zikr adlandırmaq olar. Allahı yad etdirəcək hər bir şey zikrdir. Ariflər daim zikr halındadırlar, onlar hər bir şeydə Allahı seyr edir və Onu yad edirlər. Onların ruhu hər an bu seyrdən mənəvi ləzzət alır, qidalanır. Demək, insan ruhunun əslində bundan başqa ləzzət obyekti və qidası yoxdur.
Günahsız keçən hər gün bayramdır
İmam Əli (ə) buyurur: “Günah etmədiyiniz hər bir gün sizin üçün bayramdır”. Yəni insan günah etmədiyi gün müvəffəq olur, onun üçün axirət nemətləri nazil olur, ruhu nuraniləşir və ruhunda təkamül baş verir. Bütün bunlar isə, Allaha yaxınlaşmaq deməkdir. Nəhayətdə insan öz Rəbbinə qovuşur.
Bu dünyada daim ləzzət axtarışında olan insan ya günahda ləzzət tapmağa çalışır, ya özünə yalançı ləzzətlər düzəldir, ya da həqiqi ləzzət obyektinə, Allaha tərəf yünəlir.
Günahın fəlsəfəsini anlayan, günahla arasında fasilə salan və nəhayət, həqiqi ləzzəti dadan şəxslər həm dünyada, həm də axirətdə ən gözəl yaşayışa sahibdirlər.