20 Yanvar, 2025 / 10 dəq. oxunur

Hz. Əli - İnsanlığın mənəvi ehtiyacı

Əhli-Beytin varlığı insanlıq üçün Allahın ən böyük nemətidir. Onların sayəsində din insanlara doğru və dəqiq şəkildə çatmışdır. Çünki ilahi konsepsiyanın əsas məqsədi insanın bu dini qəbul edib düzgün şəkildə əməl edərək təkamülə çatmasıdır. Belə bir insanın cənnətdəki məqamı da onun kimliyi ilə tam uyğun olacaqdır. Əgər Allahın göndərdiyi proqram düzgün şəkildə bizə çatdırılmasa və biz də ona uyğun əməl etməsək, Allahın hədəfi gerçəkləşməyəcək. Məhz buna görə Allah, dini doğru şəkildə insanlara çatdırmaq üçün Təşrii imaməti təqdim etmişdir. Təşrii imamət həqiqi dini təhrifdən qoruyaraq insanlara çatdıran bir sistemdir. Bu ilahi sistemin ən böyük təcəllisi isə Qədir-Xum hadisəsidir. Qədir-Xum günü, vilayətin elan olunduğu və dinin kamilləşdiyi bir gündür. Lakin bu bayram Həzrət Əlinin (ə) adı ilə bağlı deyil; əksinə, Allahın dinini tamamladığı bir bayramdır. Həzrət Əli (ə) bu böyük vəzifənin həyata keçirilməsi üçün Allah tərəfindən seçilmiş əzəmətli bir şəxsdir. Onu da qeyd edək ki, əgər Həzrət Əli (ə) olmasaydı, Allah bu vəzifəni başqa bir şəxs vasitəsilə həyata keçirərdi. Yəni Qədir-Xum günü, yalnız bir şəxsin deyil, bütün insanlığın düzgün yola yönəlməsi üçün Allahın bəxş etdiyi böyük bir gündür. 

Həzrət Əlinin (ə) mövlud günü isə təşrii imamətlə (dinin qanunları ilə) bağlı bir hadisə deyil. İnsan yalnız dini hökmlərə – namaz, oruc, xüms və digər ibadətlərə ehtiyac duymur. Bununla yanaşı, insan fitri istəklərinin ünvanına və bunun əhatəsində mənəvi rəhbərliyə də ehtiyac duyur. İnsan bir robot deyil; onun ülvi hisslərə və onun ən alisi olan mənəvi hisslərinin ehtiyacını qarşılayacaq bir rəhbərə – kamil bir nümunəyə ehtiyacı var. Və bu şəxs Hz Əlidən başqası deyildir. Həzrət Əli (ə) insanın kamillik yolunda ilahi nurun təcəllisi və mükəmməl bir bələdçidir. Onun varlığı, təkcə ilahi qanunların qorunması deyil, həm də insanın fitri və mənəvi ehtiyaclarının qarşılanması üçün əvəzsizdir. 


Həzrəti Əli: Bəşəriyyətə Mənəvi Nur Saçan Şəxsiyyət 

Həzrət Əli (ə) – Eşqin və Mənəviyyatın Ünvanı

Bütün imamlar vahid bir nurun təcəssümüdür. Onların hər biri bu ilahi nurun müxtəlif tərəflərini əks etdirir. Lakin Əli ibn Əbu Talibin (ə) kimliyi və rolu bu nurun xüsusi bir parıltısını ifadə edir. O, həm İslamda, həm də insanlıq tarixində xüsusi və misilsiz bir mövqeyə malikdir. Əli (ə), yalnız bir imam deyil, həm də İslamın ruhunu, təməl prinsiplərini təcəssüm etdirən bir şəxsiyyətdir. 

Bu günün mahiyyətinə gəldikdə isə bu gün vilayət bayramı deyil, hz Əli (ə)-nin özünə aid olan bir gündür. Çünki bu gün təşrii imamət anlayışından daha çox məsələləri özündə ehtiva edir. Vilayət bayramı, məsələn, Qədir-Xum günü Allahın bəndələrinin ilahi rəhbərliyə bağlılığını qeyd etdikləri bir gün ola bilər. Lakin bu gün, Əli (ə)-nin özəl şəxsiyyətini və onun möhtəşəmliyini anlamanın bayramıdır. 

Hz Əli (ə)-nin Allah və İslamdan ayrılmaz olduğunu anlamaq üçün onun şəxsiyyətini daha dərindən təhlil etmək lazımdır. O, bir imam kimi ilahi rəhbərlikdə əvəzedilməz bir rola malikdir. İnsanın Həzrəti Əliyə (ə) ehtiyacı vardır. Bu fikri irəli sürdükdə sual yarana bilər: bəs digər imamlar, məsələn, İmam Təqi (ə), onların mövqeyi necədir? Cavab olaraq qeyd etmək lazımdır ki, bütün imamlara ehtiyacımız var. Hər biri insanlıq üçün xüsusi və əvəzolunmaz bir rola malikdir. 

Çünki vahid bir nurdurlar. Lakin Hz. Əli (ə)-nin bu qədər ön planda tutulmasının səbəbi onun şəxsiyyətindəki parlaq xüsusiyyətlərin üzə çıxmasında münbit şəraitin olmasıdır. Əli (ə)-ni təhlil etdikdə onun həyatının müxtəlif tərəfləri insanın ülvi hisslərinə toxunur. Onun şücaəti, ədaləti, ibadəti və təvazökarlığı bu xüsusda misilsiz nümunələrdir. Bir hadisədə deyilir ki, Xanım Fatimə (ə), Əli (ə)-nin ölüm xəbərini aldıqda, onun dua oxuduğunu öyrənir və belə deyir: "Əgər dua edirsə, ölməyib, sadəcə qəşş edib". Əli (ə)-nin təvazökarlığı da insanlıq üçün gözəl bir nümunədir. Xəlifə olduğu halda, yetimlərin evinə gedib, onlara qayğı göstərməsi və hətta onların könlünü almaq üçün ən sadə işləri görməsi onun insanlara olan sevgisini göstərir. Bir səhabəsi ona "Ya Əli, sən Xəlifəsən" dedikdə, o, cavab verir: "Xəlifəlik nədir ki? Mən yetim uşaqların ürəyini şad etmək istəyirəm". 

Onun elmi və hikməti də xüsusi vurğulanmalıdır. Hz Əli (ə) deyirdi: "Məndən soruşun, nə qədər ki, aranızdayam. And olsun Allaha, göylərin yolunu yerdən daha yaxşı tanıyıram". Bu sözlər onun elm və biliyinin kamalının göstəricisidir. Əli (ə) yalnız İslam maarifini öyrədən bir alim deyil, həm də bu maarifi əməlində yaşadan bir şəxsiyyətdir. Qeyd edə bilərik ki, Hz Əli (ə)-nin həyatı, insanlıq üçün hərtərəfli bir nümunədir. Onun şücaəti, ədaləti, ibadəti və təvazökarlığı, insan həyatının hər sahəsinə istiqamət verə biləcək dərin bir irsi ifadə edir. Odur ki, insanlıq tarixində Əli (ə)-dən üstün bir insan təqdim etmək mümkün deyil. O, İslamın ruhunu yalnız sözləri ilə deyil, əməlləri ilə də dünyaya çatdırdı. 

Rəvayətlərdən birində belə nəql olunur: Peyğəmbər (s) dedi ki, “İndi bir kişi içəri girəcək və onda 70 peyğəmbərin fəziləti var”. Səhabələr bu sözləri eşidəndə təəccüblənirlər. Nəhayət, məscidin qapısı açılır və Həzrət Əli (ə) içəri daxil olur. Bu mənzərəni görən səhabələrə bu xəbər bir daha təsdiq edir ki, O, Peyğəmbərin varisidir. 

Hz. Əli (ə) bizim üçün hər kəsdən daha sevimlidir. Onun elmi, şücaəti, iman gücü və insani keyfiyyətləri Həzrət Əli (ə)-ni yalnız imamət vəzifəsi ilə deyil, həm də mənəviyyatın ən yüksək zirvəsi ilə tanıdır. Əli (ə), eşqin zahir olan ünvanıdır. Ona görə də, O, digər imamlardan fərqlənir. Digər imamlar da fəzilət və mənəviyyat daşıyıcılarıdır, lakin şəraitləri onların bu keyfiyyətləri cəmiyyətə tam şəkildə əks etdirməsinə imkan verməmişdir. 

Həzrət Əli (ə) əvvəllər Peyğəmbərin (s) bayraqdarı, Ələmdar idi. Elə bir vaxt gəlir ki, bu Ələmdar, bütün dinin yükünü öz çiyinlərinə götürür. Onun həyatını təhlil edərkən görürük ki, təşri imamət (şəriət qanunları) baxımından, məsələn, İmam Sadiq (ə)-nin Cəfəri məzhəbinin təməllərini qoyması çox mühüm idi. Lakin Hz. Əli (ə)-nin rolu insanlıq və mənəviyyat üçün bir ünvan olmaqdır. Bu səbəbdən, Əli (ə) insanın ülvi hisslərinin ən böyük cavabıdır. 


Hz Əli: "Əlinin Zikri İbadətdir".

Həzrət Əli (ə)-nin şəxsiyyətini və fəzilətlərini dərk etmək yalnız müsəlmanlar arasında deyil, digər inanclarda da diqqət çəkən məqamdır. Misal üçün, məşhur xristian yazıçı Corc Cordaq müsəlman və şiə deyil, lakin Əli (ə)-yə olan sevgisi onu bir çox əsərində Həzrət Əli (ə)-nin fəzilətlərini yazmağa sövq etmişdir. İbn Ərəbi və digər ariflərin də Həzrət Əli (ə)-yə olan sevgisi onların mənəviyyatında əsaslı rol oynamışdır. Hətta onların vilayət inancını tam qəbul etmədiklərini deyilsə belə, bütün ariflərin zikr və təfəkkür mərkəzi Həzrət Əlidir. “Zikru Əliyun İbadə” - "Əlini zikr etmək ibadətdir"- hədisinin məğzi də məhz budur. Həzrət Əli (ə)-ni yad etmək, ondan danışmaq, eşitmək və onu öyrənmək insanın ülvi hisslərini oyadır. Əli (ə)-nin mənəvi irsi bütün insanlar üçün tükənməz bir qaynaqdır. Digər imamların da fəzilətləri şübhəsiz ki, yüksəkdir, lakin Hz. Əli (ə)-nin şəraiti onun keyfiyyətlərini tam şəkildə ortaya qoymasına imkan yaratmışdır. 


Həzrəti Əli: Fədakarlıq və Səbrin Simvolu

Həzrət Əli (ə)-nin fədakarlığı, xüsusilə Xanım Fatimə (s.ə)-nin haqqını müdafiə edərkən göstərdiyi səbir və dözümlülük onun ümmətə olan bağlılığını əks etdirir. Bir rəvayətdə deyilir ki, yəhudi bit şəxs deyir: “Mən Peyğəmbəri (s) görüb iman gətirmədim, lakin sənin (Hz. Əlinin) əllərini bağlı gördüm və iman gətirdim. Çünki bu əllər Xeybərdə bağlanmayan əllər idi, amma indi bağlıdır. Deməli, sənin əlini bağlayan yalnız Allahdır”. 


Həzrəti Əli : Cənnətdən Üstün Məqam 

İslam tarixində hz Salman həm mənəviyyatı, həm də Həzrət Əli (ə)-yə olan sevgisi və bağlılığı ilə tanınır. Salman sadəcə olaraq Həzrət Əli (ə)-nin yanında olan bir səhabə deyil, onu dərk edən, tanıyan, yəni “Əlişünas” bir insandır. Əli (ə)-ni tanımaq yalnız Onun imamətini qəbul etmək deyil, eyni zamanda onun həqiqətini dərk etmək, qəlbi cəhətdən tapmaqdır. 

Bu xüsusda bir rəvayəti qeyd etmək yerinə düşər. Bir gün İmam Cəfər Sadiq (ə), səhabələrindən birinə cənnəti göstərir. Səhabə cənnətin gözəlliklərini görüb, valeh olur və orda qalmaq istədiyini bildirir. İmam ona qalmaq icazəsi verir. Amma başqa bir rəvayətdə hz Salman Həzrət Əli (ə)-nin vasitəsilə cənnətə aparıldığı bildirir. Salman da cənnətin gözəlliklərini görür, amma onun cavabı fərqli olur. Salman Həzrət Əli (ə)-yə deyir: “Sən burada olmayacaqsansa, mən bu cənnəti istəmirəm". Onun dedikləri sadəcə sözdən ibarət deyil. 

Həzrət Əli (ə) sözün həqiqi mənasında cənnətin bütün gözəlliklərindən üstündür. Burada məqsəd cənnəti kiçiltmək deyil, Əli (ə)-nin mənəvi ucalığının ölçüsüzlüyünü ifadə etməkdir. Əgər Əli (ə)-nin fəzilətləri ayrı-ayrılıqda təhlil olunsa və cənnətlə müqayisə edilsə, onun mənəvi gözəlliklərinin cənnətin ləzzətlərindən daha üstün olduğunu görərik. 

Salman bu həqiqəti dərk edən nadir insanlardandır. Salman Əli (ə)-dən aldığı mənəvi ləzzəti cənnətdə ala bilməyəcəyini söyləyir. Onun bu fikri sadəcə Əli (ə)-yə olan sevgi və ehtiramından yox, gerçəklikdən qaynaqlanır. Salman, Əli (ə)-nin fəzilətlərini və mənəvi böyüklüyünü tam mənasıyla dərk edən bir şəxsdir. Peyğəmbər (s) onun barəsində belə buyurur: "İmanın on dərəcəsi vardır və Salman onun ən yüksək dərəcəsindədir." Bu, onun mənəvi böyüklüyünü göstərir. Salman arif bir insan idi və elə bir mərtəbədə idi ki, Əbuzər kimi böyük səhabələr belə onun mənəvi halını tam anlaya bilmirdi. 

Həzrət Əli (ə) təkcə imam deyil, həm də insanın ruhunun qidasıdır. Onun fəzilətləri, fədakarlığı və mənəviyyatı insanlara əsl ilahi məhəbbəti anlamaqda kömək edir. Ona görə də Həzrət Əli (ə)-yə olan sevgi sadəcə emosional bağlılıqdan ibarət olmamalıdır. Biz Onun fəzilətlərini, mənəvi və insani keyfiyyətlərini dərk edərək Ona bağlanmalıyıq. Belə bir sevgi insanı Allaha yaxınlaşdırır və əsl mənəvi təkamülü təmin edir. Həzrət Əli (ə), Allahın nurunu insanlığa əks etdirən ən parlaq bir məqamdır. Onu tanımaq, sevgi və məhəbbətlə Ona bağlanmaq insanın dünyadakı və axirətdəki xoşbəxtliyinin açarıdır. 


Həzrəti Əli: İnsan Fitrətinin Cavabı

Həzrət Əlinin (ə) təşrii imamətindən əlavə, onun insanın mənəvi təkamülü və insani dəyərlərin təmin olunmasında zəruri rolu vardır. Əgər insan yalnız cənnətə getmək məqsədi ilə dini qəbul edib quru ibadətlə kifayətlənəcəksə, bəli, Əlinin (ə) vilayəti onun üçün kifayət edər. Lakin məqsəd insan ruhunun təkamülü, fitrətinin gündəmə gəlməsidirsə, o zaman Həzrət Əli (ə) insanın fitri ehtiyaclarının tətmini üçün zəruri faktordur. 

Allah Quranda buyurur ki, “Bu dini sizin fitrətinizə uyğun göndərdim”. Bu da onu göstərir ki, din sadəcə zahiri ibadətlərdən ibarət deyil; əksinə, insan fitrətinin bütün ehtiyaclarını əhatə etməlidir. Fitrətinə uyğun olan din, insana yalnız quru qaydalar deyil, ruhunu və qəlbini də doyuran ilahi eşq təqdim edir. Bu eşq insanın ibadətlərinə ləzzət qatır. Namaz qılmaq yalnız bir vəzifə deyil, qəlbi hərəkətə gətirən vasitədir. Lakin bu, yalnız qəlb dünya işlərinin qəsaətindən çıxıb Əhli-Beytə olan sevgi ilə vəcdə gələndə baş verir. 

Hədislərdə deyilir ki, “Kim Əhli-Beyti bir saat sevərsə və bu sevgisini izhar edərsə, həmin sevgi bir illik ibadətdən daha üstündür”. Bu hədis kəmiyyət baxımından deyil, keyfiyyət baxımından izah edilməlidir. Çünki insan Əhli-Beyti sevdiyi zaman, bu sevgi onun qəlbini sürətli şəkildə Allaha yaxınlaşdırır və mənəvi inkişafına birbaşa təsir göstərir. Deməli, Əhli-Beytə sevgi ruhun təkamülünü sürətləndirən zəruri faktordur. 


Həzrəti Əli: Cəhənnəm Atəşini Söndürən Məhəbbət

Bir hədisdə nəql edilir ki, Peyğəmbər (s) buyurur: "Mən merac gecəsində göyə çıxarılanda, hər səmada mələklər məni müjdələyirdilər. Nəhayət, mələklərin böyük bir yığıncağında oldum. Cəbrayıl mənə dedi: 'Ey Peyğəmbər! Sənə Əlinin (ə) varlığı haqqında bir xəbər verim. Əlinin sənin ümmətindəki zərurətini bilirsənmi? "Ey Peyğəmbər! Əgər ümmət Əlinin (ə) məhəbbəti üzərində birləşsəydi, Allah cəhənnəm atəşini yaratmazdı". Bu hədis Əlinin (ə) sevgisinin insan həyatında necə böyük bir təsirə malik olduğunu göstərir. Əlinin (ə) məhəbbəti insanın qəlbində ilahi bir nuraniyyət yaradır ki, bu nur insanı cəhənnəmdən qoruyur. Həzrət Əliyə (ə) olan sevgi, insanın ruhunu o qədər saflaşdırır ki, belə bir insan cəhənnəm əzabına məruz qala bilməz. Necə ki, yaş odun alovun içində yanmırsa, Əli (ə) sevgisi ilə dolu olan qəlb də cəhənnəm əzabına layiq olmur. Həzrət Əliyə (ə) sevgi yalnız qəlbi rahatlıq və mənəvi hüzur gətirmir, həm də insanı əbədi xoşbəxtliyə aparan bir sığorta kimidir. Belə bir insan Allahın rəhmətinə yaxın olur və ilahi əzabdan uzaq qalır. Həzrət Əlinin (ə) varlığı, sevgisi və təsiri məhz budur: insanı həm bu dünyada, həm də axirətdə qoruyan ilahi bir nurdur. 

Beləliklə, Əlinin (ə) sevgisi insanı mənəvi təkamülə çatdıran bir nurdur. Bu sevgi, insanı günahın qaranlığından çıxarıb ilahi rəhmətin işığına aparır. Allahın yaratdığı bu ilahi eşq vasitəsilə insanlar həm dünyada, həm də axirətdə nicat tapa bilər. 

Oxşar məqalələr