25 Yanvar, 2026 / 15 dəq. oxunur

İlahi imtahanın fəlsəfəsi

Mündəricat:

  • İnsanın bu dünyadakı imtahanı
  • İnsan həyatında praqmatiklik prinsipi
  • İnsan nə üçün imtahan olunur?
  • İmtahan aləmi və ilahi hikmət



İnsanın bu dünyadakı imtahanı  


İslam dünyagörüşünə görə dünya həyatının əsas xüsusiyyətlərindən biri onun imtahan yeri olmasıdır. Quran və dini mənbələr bu dünyanı insanın seçimlər vasitəsilə öz mənəvi dəyərini göstərdiyi və axirət həyatını formalaşdırdığı bir məkan kimi təqdim edir. Lakin burada imtahan anlayışını doğru başa düşmək vacibdir. Allah insanı imtahana “çəkən” deyil; insan bu dünyanın təbiətindən irəli gələn çətinliklər və seçim situasiyalarında öz davranışını və iradəsini ortaya qoyaraq “imtahan olunur”. Başqa sözlə, imtahan Allahın xaricdən müdaxiləsi ilə yaradılmış süni bir vəziyyət deyil, dünyanın mahiyyətindən doğan bir prosesdir.

Bu dünya nöqsanlar dünyasıdır. Burada maddi məhdudiyyətlər, fiziki ağrılar, sosial ziddiyyətlər və təbii hadisələr qaçılmazdır. İnsan ya öz səhlənkarlığı nəticəsində, ya da başqalarının davranışları və ya təbii səbəblərlə müxtəlif çətinliklərlə qarşılaşır. Yeməklərin ziyanlı olması, xəstəliklərin yayılması, bəzi insanların digərlərinə zərər verməsi kimi hallar bu dünyanın strukturunda təbii olaraq mövcuddur. Bu səbəbdən insan burada istər-istəməz çətinlik yaşayacaqdır. Quran bu həqiqəti belə ifadə edir: “Həqiqətən, Biz insanı əziyyət və zəhmət içində yaratdıq.” (Bələd, 4). Yəni insanın dünya həyatında rahatlıq axtarışı təbii olsa da, bu həyat çətinliklərlə yoğrulmuşdur. Başqa sözlə, dünyanın xasiyyəti belədir. 


Burada mühüm sual yaranır: əgər dünya bu cür formalaşdırılıbsa, bəs nə üçün Allah vəhy göndərir? Nə üçün insanlara elm öyrənməyi, tibbi inkişaf etdirməyi və təcrübəyə əsaslanan idrak yollarını təşviq edir? 

Cavab isə budur: Allah insanın ağlını və azad iradəsini nəzərə alaraq ona həm təbii idrak vasitələri (empirik və rasional), həm də vəhy kimi aşkarlanmış biliklər təqdim edir. Vəhy insanın həyat və ölüm, mənəviyyat məsələlərində yolunu işıqlandırır, əql isə gündəlik məsələlərdə səbəb-nəticə qanunlarını dərk edərək tədbir görmək üçündür. Elm, təcrübə və əqli məsuliyyət dini prinsiplərlə ziddiyyət təşkil etmir, əksinə onu tamamlayır. 


Lakin bəzən ictimaiyyət arasında belə bir təsəvvür formalaşır: həyatdakı hər bir çətinlik birbaşa Allahın göndərdiyi “imtahan”dır. İnsan xəstələnəndə, qəza baş verəndə və ya övladını itirəndə deyilir: “Allahın qisməti belə imiş”, “Allah balamı aldı”, “Allahın məsləhətinə şükür olsun ”. 

Bəzən insanlar bu fikirləri “şükür” adı ilə ifadə edirlər, amma əslində bu, Allahın yaratdığı səbəb-nəticə sisteminə qarşı məsuliyyətsizlik və bəzən də Allaha qarşı şikayət forması olur. Əgər bir insan düzgün qidalanmır, sağlamlıq qaydalarına riayət etmir və ya məsuliyyətsiz qərarlar verirsə, baş verən neqativ nəticələri “Allah belə istədi” deyə izah etmək dini baxımdan düzgün deyil. Hətta, zahirən bu təvəkkül kimi görünə bilər. 

Halbuki "təvəkkül" anlayışını da doğru anlamaq vacibdir. Təvəkkül, səbəblərə tam şəkildə riayət etdikdən sonra nəticəni Allaha həvalə etməkdir. Yəni təvəkkül ağlın və tədbirin inkarı deyil, onun tamamlayıcısıdır. Əgər bir insan həyat yoldaşı seçərkən yalnız “Allah qismət etsin” prinsipi ilə hərəkət edirsə və zəruri araşdırmanı aparmırsa, bu təvəkkül deyil, məsuliyyətsizlikdir. Dindarlıq, duayla, ehsanla, və ya rituallarla məhdudlaşmamalıdır. Dindar insan həm də ağıllı, tədbirli və məsuliyyətli bir şəxs olmalıdır. Qurani-Kərimdə bu prinsip belə ifadə olunur: “İnsan üçün ancaq çalışdığı vardır.” (Nəcm, 39). 


Beləliklə, bu dünyada baş verən hadisələrə düzgün yanaşmaq üçün iki əsas nöqtəni yadda saxlamaq vacibdir: 

birincisi, bu həyat çətinliklərdən uzaq deyil, çünki bu dünyanın təbiəti budur; 

ikincisi, insan məsuliyyət daşıyan və iradə sahibi varlıqdır, bu səbəbdən də həyatdakı çətinliklərin səbəblərini anlamalı və onlarla necə davranacağını öyrənməlidir. “Allah imtahan etdi” deməzdən əvvəl “mən bu vəziyyətə necə səbəb oldum?” sualını vermək daha doğru olar. Çünki ilahi sistemdə insanın ağlına və iradəsinə dəyər verilir və həyat ona görə qurulub ki, insan düşünərək, öyrənərək və nəticə çıxararaq formalaşsın. 



İnsan həyatında praqmatiklik prinsipi


İslam dini, mahiyyət etibarilə, praqmatik və həyata yönəlik bir dindir. O, insanın dünya həyatında məsuliyyətli və tədbirli şəkildə yaşamasını təşviq edir. Din insanı sadəcə duaya və təvəkkülə dəvət etmir, əksinə, ona həyatın müxtəlif sahələri ilə bağlı konkret göstərişlər verir. Quran və hədislər insana bildirir ki, yaşadığı cəmiyyətdə, ailədə, sosial və fiziki mühitdə atdığı hər addımın nəticəsi var. Sadəcə “Allah Kərimdir” deyərək məsuliyyətsiz qərarlar vermək dini baxımdan qəbulolunmazdır. Belə bir yanaşma dindar insanı tənbəlliyə və hadisələri yanlış qiymətləndirməyə aparır. Halbuki bu, nə Quranın təqdim etdiyi təvəkkül anlayışıdır, nə də əxlaqi məsuliyyət prinsipi ilə uzlaşır. 


Dinin insana təqdim etdiyi dünya baxışı real həyatla uzlaşır. Məsələn, insan öz qidalanmasına diqqət etməzsə və sonra xəstələnərsə, bu xəstəliyin səbəbini Allahda axtarmaq yanlışdır. Eynilə, əgər biri ictimai davranış qaydalarına əməl etmədən istədiyi insana istədiyi tərzdə kobud yanaşırsa və nəticədə qarşılıqla üzləşirsə, məsələn, fiziki təzyiqə və ya hüquqi cəzaya məruz qalırsa, bunu “Allahın istəyi” kimi yozmaq dini və əqli baxımdan yanlışdır. İslam bizə düşünməyi, qabaqcadan tədbir görməyi və nəticələri nəzərə alaraq qərar verməyi öyrədir. Dinin təklif etdiyi bu yanaşma praqmatikdir: yəni insan üçün həyatın qaydalarını öyrədir və bu qaydalara uyğun yaşamağı tövsiyə edir. 


Dini mətnlərdə verilən tövsiyələr də bu baxımdan əhəmiyyətlidir. Məsələn, bir çox hədislərdə uşağın sağlam və gözəl olması üçün valideynlərin ailə qurmazdan əvvəl və hamiləlik dövründə bəzi qidalara diqqət yetirməsi tövsiyə edilir, məsələn, heyva yemək kimi. Əgər insanın zahiri forması sırf Allah tərəfindən birbaşa yaradılırsa, bəs nə üçün din bu cür tövsiyələr verir? Buradan aydın olur ki, insanın bioloji və mənəvi inkişafında onun valideynlərinin, həmçinin öz iradəsinin və davranışlarının təsiri var. Bu da dini baxımdan məsuliyyət prinsipini gücləndirir. Həmçinin, dini mətnlərdə hamiləlik dövründə bəzi duaların və mənəvi hazırlığın övladın ruhiyyəsinə təsir göstərəcəyi bildirilir. Bütün bunlar onu göstərir ki, insanın davranışları, niyyətləri və vərdişləri gələcək nəsillərin həm fiziki, həm də mənəvi inkişafında rol oynayır. Bu, dini dünya baxışının bir digər praqmatik tərəfidir.

“İnsan öz əməllərinin girovundadır” ifadəsi də bu kontekstdə anlaşılmalıdır. İnsan, etdiyi əməllərin nəticələrini həm bu dünyada, həm də axirətdə yaşamağa namizəddir. Lakin burada bir mühüm ayrım var: bəzən insanın yaşadığı çətinliklər onun şəxsi əməlləri ilə bağlı olmaya bilər. Tarixdə və günümüzdə baş verən bir çox faciələr, məsələn, İmam Hüseynin (ə) müsibəti, Xocalı soyqırımı kimi hadisələr bu həqiqəti göstərir. Burada insanların qarşılaşdığı bəlalar onların öz günahlarının nəticəsi deyil. Belə hallarda çətinliklər başqalarının əməllərindən qaynaqlanır. Bu isə dünyanın strukturunun bir hissəsidir: bu dünyada yalnız fərdi məsuliyyət deyil, başqalarının əməlləri də insan həyatına təsir göstərə bilər.

Nəticə etibarilə, insanın bu dünyada yaşadığı çətinliklər və çarpışdığı vəziyyətlər bir imtahan mənasını daşıyır. Ancaq bu imtahan Allahın birbaşa səbəb olduğu və ya bəndəyə zərər vermək məqsədi ilə qoyduğu bir sınaq deyil. Allahın qoyduğu sistem içərisində insan öz əməlləri və başqalarının təsirləri ilə müxtəlif situasiyalarla qarşılaşır. Və Allah buyurur ki, bu situasiyalardakı mövqeyinə və davranışına görə sən mükafat və ya əzabla qarşılaşacaqsan. Bu, o demək deyil ki, Allah sənə xəstəlik verdi, səni qəza ilə sınadı və ya övladını əlindən aldı. Belə bir düşüncə, Allah haqqında təhrif edilmiş və qeyri-obyektiv bir təsəvvür yaradır. Əslində, Allah insana ağıl, iradə və istiqamət verərək onu məsuliyyət daşıyan bir varlıq kimi tanıdır və bu dünyanın qanunlarına uyğun yaşamayı öyrədir.



İnsan nə üçün imtahan olunur? 

İmtahanın mahiyyəti və maddi aləmdəki qaçılmaz reallıq


İnsanın dünya həyatında müxtəlif hadisələrlə imtahan olunması Quran və hədis mətnlərində təsdiq olunmuş açıq bir həqiqətdir. Qurani-Kərimdə buyurulur: “Biz sizi qorxu, aclıq, mal-dövlət, can və məhsullardan az bir şeylə mütləq imtahana çəkəcəyik” (Bəqərə, 155). 

Hədis mətnlərində də insan həyatında qarşılaşdığı çətinliklərin və hadisələrin onun mənəvi təkamülü üçün vasitə olduğu açıq şəkildə bəyan olunmuşdur. Lakin bu məsələnin doğru anlaşılması üçün terminoloji və fəlsəfi çərçivədə daha dərin izaha ehtiyac vardır. 


Müşahidə etdiyimiz kimi, həyatın reallığında imtahan bir fakt olaraq mövcuddur. İnsan istər öz iradəsi ilə, istərsə də xarici səbəblərlə üzləşdiyi hadisələr qarşısında reaksiya göstərməli olur. Lakin burada əsas məsələ budur: Allah-Təala bəndələrinə birbaşa bəla göndərərək onları sınağa çəkmirmi? Yoxsa, insan maddi aləmdə yaşadığı üçün, bu aləmin zati xüsusiyyətlərindən qaynaqlanan hadisələr nəticəsində istər-istəməz imtahan şəraitinə düşür? 


Bu sualın cavabında qeyd etmək lazımdır ki, imtahan ilahi sistemin zəruri bir nəticəsi, lakin təqdir edilmiş xüsusi bəla forması deyildir. Yəni, Aləmlərin Rəbbi müəyyən bir bəndənin övladını qəsdən öldürməklə, yaxud onu qəzaya salmaqla imtahana çəkmək məqsədi güdmür. Belə bir təsəvvür Allahın ədaləti və hikməti ilə ziddiyyət təşkil edər. Əksinə, dünya aləmi elə bir varlıq səviyyəsidir ki, burada zaval, yəni dəyişmə, fəsad, dağılma, çürümə və əziyyət və s. bu aləmin zati və qaçılmaz xüsusiyyətidir. 


Fəlsəfi terminologiyada qeyd olunur ki, “maddə nöqsanlıdır və zavala uğrayandır”. Maddənin təbii nəticəsi, fəlsəfi dildə desək, onun laziməsi dəyişkənlik, pozulma və qeyri-sabitlikdir. Bu isə o deməkdir ki, maddi aləmdə yaşayan hər bir varlıq, istər insan, istərsə də digər canlılar bu dəyişkənliyin və zavalın təsirinə məruz qalır. Belə bir aləmdə yaşamaq isə qaçılmaz olaraq insanı çətinliklərlə, sınaqlarla və imtahanlarla qarşılaşdırır. 


İnsan üçün bu çətinliklər üç əsas qaynaqdan hasil ola bilər: 


1. İnsanın öz əməlləri və seçimləri – yanlış həyat tərzi, məsuliyyətsiz davranışlar, sağlamlıq qaydalarına riayət etməmək və s. nəticəsində meydana çıxan fəsadlar (məsələn: şəkər xəstəliyi, qəza, sosial problem). 


2. Digər insanların davranışları – başqalarının məsuliyyətsizliyi və ya zülmü nəticəsində fərdin zərərə uğraması (məsələn: qonşunun səhlənkarlığı nəticəsində evin yanması). 


3. Aləmin ontoloji və maddi xüsusiyyətləri – zəlzələ, təbii fəlakətlər, xəstəliklər və digər bioloji-təbii səbəblər. 


İmtahan da məhz bu üç səbəbin nəticəsində insanın başına gələn hadisələr qarşısında göstərdiyi mövqe ilə reallaşır. Burada “imtahan” anlayışı Allahın insanı bəla ilə sınağa çəkməsi mənasında yox, insanın öz həyat reallığında, öz azad iradəsi və maddi aləmin tələbləri qarşısında verdiyi reaksiyanın mənəvi qiymətləndirilməsi mənasındadır. 


Bu fərqləndirməni etmək olduqca vacibdir. Çünki dini mətnlərdə Allahın “imtahan etdiyi” ifadəsi yer alsa da, bu, məcazi və tərbiyəvi üslubla ifadə olunmuşdur. Allah-Təala “Mən sizi imtahan edirəm” buyurarkən, bu, onun yaratdığı sistemin; maddi və səbəb-nəticə qanunları ilə işləyən dünya nizamının idarəedicisi kimi, həmin sistemin nəticələrinin ona nisbətləndirilməsi şəklində anlaşılmalıdır. Bu, Quranın bədii və pedaqoji dilidir. Allah bir əqaid kitabı yazmadığı üçün bu mətləbləri fəlsəfi terminlərlə deyil, insanlara anlaşılan, tərbiyəvi dil ilə təqdim edir.

Bu səbəbdəndir ki, dini mətni oxuyarkən onun zahiri ifadəsinə deyil, məqsədinə və kontekstual məna qatlarına diqqət yetirmək zəruridir. Elə bu məqsədlə Allah peyğəmbərlər, imamlar və alimləri vəhy mətninin izahçıları kimi insanlara göndərmişdir. Onlar insanlara Allahın “qəzəblənməsi” və ya “imtahan etməsi” kimi ifadələrin arxasında duran həqiqi mənanı açıqlayırlar. Məsələn, “Allah qəzəbləndi” ifadəsi, əslində, insanın bir əməlinin Allahın iradəsinə uyğun olmadığını və mənfi nəticə doğuracağını bildirmək üçün işlədilən simvolik dildir; bu ifadə Allahın insani duyğulara malik olması mənasında deyildir.

Eynilə bu prizmadan baxdıqda, demək mümkündür ki, “Allah imtahan etdi” deməkdən daha dəqiq və fəlsəfi baxımdan düzgün ifadə budur: “İnsan maddi aləmin şəraitində imtahan olunur.” Çünki insan maddi aləmdə yaşayır və bu aləmin nöqsanlı təbiəti səbəbilə çətinliklərdən və dəyişkənlikdən uzaq qalması mümkün deyil. Maddə kamil olmadığı üçün, maddi aləmdə baş verən hadisələr də kamil və əbədiyyətə sahib deyildir. Buna görə də dünya həyatı, məcazi şəkildə desək, tufan ehtimalı olan bir dənizdə səyahətə bənzəyir. Gəmi kapitanı səni sağ-salamat aparacağına əmin ola bilər, lakin tufan, qasırğa və dalğa potensialı bu aləmdə hər zaman mövcuddur. Bu isə insanın imtahan olunmasını zəruri və qaçılmaz bir nəticəyə çevirir. 


Beləliklə, imtahan həyatın labüd nəticəsidir, lakin Allahın bəndələrə qəsdən bəla göndərməsi kimi deyil, maddi aləmin quruluşu və insanın bu sistemdəki mövqeyi ilə izah edilməlidir. Bu yanaşma dini mətnlərə qarşı çıxmaq deyil, əksinə onların daha dərindən və sistemli şəkildə şərh olunması deməkdir. Məqsəd, dini düşüncədə zahiri anlayışlardan daha əsaslı və fəlsəfi baxışlara keçid etməklə, insanın Allahla və kainatla olan əlaqəsini daha sağlam şəkildə qurmaqdır.



İmtahan aləmi və ilahi hikmət


İnsan düşüncəsini məşğul edən dərin suallardan biri də budur: əgər bu dünya naqisliklərlə doludur və insan burada müxtəlif çətinliklər və bəlalarla üzləşirsə, bu, dolayısı ilə Allahın bu dünyanı insanları imtahan etmək üçün yaratdığına dəlalət etmirmi? 


İslam dünyagörüşündə, xüsusilə də kəlam alimləri bu məsələyə geniş cavab vermişlər. Onların yanaşmasına görə, bu dünyanın çətinlik və naqislikləri insanın təkamül trayektoriyası üçün zəruri olan təbii mühitdir. Bu baxımdan, dünyanın imtahan yeri olması, Allah üçün nöqsan mənasına gəlməməlidir. Əksinə, bu dünyanın çətinlikləri və sınaqları insan ruhunun kamilliyə çatması üçün zəruri faktorlardır. 

İnsanın bu şəkildə təkamül yolu ilə ali mənəvi məqama yüksəlməsini, eynilə, idmançının dünya çempionu olmaq üçün keçdiyi məşq prosesinə bənzətmək olar. Necə ki, bir şəxs idmançı olmaq istəyirsə, bu hədəfə çatmaq üçün tərləməli, döyülməli, bəzən də acı və ağrılarla qarşılaşmalıdır. Eyni şəkildə insan da ali mənəvi məqamlara çatmaq üçün çətinliklərdən keçməlidir. Bütün bu proseslər isə insanın istəyindən qaynaqlanır. Allah-Təala insana seçim və azad iradə vermiş, ona fitri şəkildə xeyiri sevmək və təkamülə yönəlmək qabiliyyəti bəxş etmişdir. 


Hətta bəzən sual olunur ki, əgər Allah əvvəlcədən bilirdi ki, bəzi insanlar imtahanda müvəffəq olmayacaqlar və bəlkə də cəhənnəmə düşəcəklər, o halda niyə bu imtahan baş verir? Belə olan halda, bu Allahın insanları imtahan etməsinə qayıtmırmı?  


Əvvəlcə bu nöqtədə qeyd edilməlidir ki, İslam düşüncəsində insanın cəhənnəmə düşməsi o qədər də asan məsələ deyil. Əksinə, insanın əbədi əzaba layiq görülməsi üçün onun fitrətini tamamilə pozacaq qədər ciddi günahlar etməsi, vəhşiləşməsi, vicdan və insaniyyət hissini məhv etməsi gərəkir. Hətta insan mənəvi təkamül üçün səy göstərməsə belə, öz-özlüyündə durduğu halda belə, fitrəti onu yaxşılığa yönəldə bilər və nəticədə insan xeyirə çata bilər. Belə şəxslər axirətdə bəzi cəzalarla qarşılaşsalar da, məsələn, namazsızlıq və ya orucsuzluğun nəticəsi olan əzablar onların əbədi cəhənnəmlik olması mənasına gəlmir. 


Kəlam alimlərinin fikrincə, Allahın bu dünyanı imtahan aləmi olaraq yaratması Onun ədalət və hikmətinə zidd deyil. Maddi dünya zatən naqisliklərlə formalaşmış bir aləmdir. Bu aləmdə yaşamaq, təbii olaraq bəlalarla qarşılaşmaq deməkdir. Bu bəlalar bəzən insanın əməllərinin birbaşa nəticəsi olur, bəzən də aləmin maddi qanunlarının labüd nəticəsi. Bu hal bir kəndlinin bilmədən kimyəvi gübrəni səhv şəkildə qarışdıraraq ağaclarını yandırmasına bənzəyir. Kəndli burada "nə üçün Allah mənim ağaclarımı yandırdı?" sualını versə də, gerçək səbəb onun öz səhvi və məlumatsızlığıdır. Maddi aləmdə fəaliyyət göstərən səbəb-nəticə qanunları hər kəs üçün keçərlidir və bu qanunlar Allahın iradəsinə zidd deyil. Allah bu aləmi müəyyən sabit qanunlarla yaratmış və insanı da bu qanunlara əməl etməklə məsul tutmuşdur.

Buna görə də "Allah mənə bəla göndərdi" kimi düşüncələr bir çox hallarda məntiqsiz və qüsurlu yanaşmalardır. Əslində bəla və çətinlik, maddi aləmin ayrılmaz bir hissəsidir. İnsan səbəbləri düzgün şəkildə yerinə yetirmədikdə və ya bu aləmin təbii trayektoriyası ilə hərəkət etdikdə, qaçılmaz olaraq müxtəlif sınaqlarla qarşılaşır. Həmin anda Allahın imtahanı başlayır: insan bu vəziyyətdə tutduğu mövqe ya onun üçün xeyir, ya da şərə çevrilir.




Oxşar məqalələr