07 İyun, 2025 / 10 dəq. oxunur

Əhli-Beytə sevginin zərurəti (Məvəddət ayəsinin izahı)

Allah-Təala Qurani-Kərimdə buyurur: “Üzünü sənə fitri olaraq verilmiş dinə tərəf tut”. Bu, insan fitrətinə uyğun, eyni zamanda cəmiyyətin ehtiyaclarına cavab verən bir dindir. Allahın əsas hədəfi və istəyi, insanı təkamülə çatdıraraq xoşbəxt etməkdir. 


Allah, bəndələrinin təkamülə çatması və kamillik yolunda irəliləməsi üçün din göndərir. Məsələnin mahiyyətinə diqqət etsək, görərik ki, axirətdə, cənnətdə Allah bəndələrindən ibadət istəmir. Cənnətdə artıq insanın hədəfi və kamilliyi tamamlandığı üçün ibadət tələb olunmur. Deməli, dünyadakı ibadətlər, əslində, insanın özü üçün nəzərdə tutulub. Allah, ibadəti özünə deyil, insanın mənəvi təkamülünə görə vacib edir. Bu səbəbdən, Allahın əmrləri və qadağaları dərin hikmətlər, faydalar və bərəkətlərlə doludur. Odur ki, dinin əsas mahiyyətini anlamaq üçün bəzi məsələləri nəzərə almaq çox vacibdir. İnsan, Allahın qoyduğu qaydalara uyğun yaşadıqda, həm fərdi, həm də ictimai cəhətdən uğur qazanmış olur. Bir az da kənara çıxsaq, bu, həm də  test xarakteri daşıyır. Ona görə də bu ayə məhz belədir. Necə? Qeyd etdik ki, peyğəmbərlərin hamısı öz ümmətinə təmənnasız xidmət edib. Ümmət isə insanlardan ibarətdir. Allahın göndərdiyi peyğəmbərlər, xüsusilə də Hz. Məhəmməd (s), öz ümmətləri üçün hər cür fədakarlığa hazır olmuşlar. Peyğəmbərimiz təmənnasız olaraq ümmətinin rifahı və mənəvi təkamülü üçün çalışmışdır.


Ümməti də görürdü ki, Hz. Məhəmməd (s) özünü tamamilə onların xidmətinə həsr etmişdi. O, döyüşlərdə iştirak etmiş, məscid tikintisində, xəndək qazmaqda şəxsən iştirak etmiş, gecəsini gündüzünə qatmışdır. Əvvəlki peyğəmbərlərin ümmətləri də belə davranmış, peyğəmbərlərinin xidmətini qiymətləndirmiş və onların haqqını Allahın yanında görmüşlər. Bu barədə Quranda buyurulur: “Onlara da demişdik ki, desinlər: ‘Bizim əvəzimiz Allahın yanındadır. Biz sizdən bunun müqabilində heç bir əcr istəmirik". Quranda Şüəra surəsinin bir neçə ayəsində Peyğəmbərləri (Nuh, Hud, Saleh, Lut, Şüeyb) barədə nazil olmuşdur. Lakin Hz. Məhəmmədin (s) ümmətinə gəldikdə, Allah Quranda xüsusi bir ayə nazil edərək buyurdu: "Ey Peyğəmbər! De ki, bunun müqabilində sizdən Əhli-Beytimə, yaxınlarıma məhəbbətdən başqa bir şey istəmirəm".(Əhzab 33) 


Burada həm Əhli-sünnə, həm də Şiə alimləri yaxınlardan məqsədin Peyğəmbərin (s) Əhli-Beyti olduğunu təsdiqləmişlər. Bununla bağlı da Quranda oxşar ayələr də var, məsələn, "Səba" və "Furqan" surələrində: "De ki, mənim əcrim Allah yanındadır. Bir şey istəyirəmsə, bu, sizin özünüz üçündür." (Səba, 47). 

Buradan aydın olur ki, bu, sadəcə bir sevgi məsələsi deyil. Əhli-Beytə olan məhəbbət bəşəriyyətin xeyrinədir, insanın mənəvi kamilliyinə xidmət edir. Ayədə vurğulanan sevgi bir növ sığorta, yəni Əhli-Beyti qorumaq və ya onlara əziyyət etməmək məsələsi deyildi. Ayədə məqsəd daha dərindir: sevgi, kamil varlıqla bağlıdır.


Bu zaman bir məsələ də gündəmə gəlir ki, digər peyğəmbərlərin yaxınlarına qarşı belə bir məhəbbət tələb olunmamışdı. Amma Hz. Məhəmmədin (s) yaxınlarına gəldikdə bu fərqlənir. Çünki burada şəxslərin özləri, yəni Əhli-Beyt üzvləri yaradılış baxımından xüsusi bir mövqeyə sahibdirlər. Bu şəxslər təkvini cəhətdən elə bir kamala sahibdirlər ki, onları sevən hər bir insan fitrətinə uyğun davranmış olur. Allahın yaratdığı fitrətə malik insan, təbii olaraq Əhli-Beyti sevməlidir. Odur ki, Məvəddət ayəsi həm Əhli-Beytin mövqeyini, həm də bu sevginin insanın özü üçün nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərir. 


İndi isə əsas məsələ bu sevginin əhəmiyyətindən bəhs etməkdir. Ayədəki bu əmrdə – "onları sevin" ifadəsində üç əsas məqam yatır: 


Birinci məqam: 

Bu əmr insana bir test olaraq verilir. Baxın və düşünün: Sevə bilirsiniz, yoxsa yox? Əgər sevmək mümkün deyilsə, deməli, hələ lazımi mənəvi səviyyəyə çatmamısınız. Sevənə qədər çalışmalısınız, öz üzərinizdə işləməlisiniz. 


İkinci məqam: 

Əgər sevirsinizsə, bu sevginin nə qədər kifayət edib-etmədiyini düşünün. Sevgi azdırsa, onu artırmağa çalışın. Çünki bu, sadəcə sevgi deyil; insanın mənəvi inkişafına xidmət edən bir vasitədir. 


Üçüncü məqam: 

Sevginin özü insanı təkamülə çatdırır. Yəni nə qədər çox sevsəniz də, sevginizi davamlı şəkildə artırmağa və möhkəmləndirməyə çalışmaq lazımdır. Çünki bu sevgi insanı kamilləşdirir, ona nuraniyyət bəxş edir. 


Bu məqamlar bizi fərqli bir həqiqətə çatdırır. Başqa peyğəmbərlərin zamanında belə bir əmr verilməmişdi ki, "Mənim yaxınlarımı sevin." Bu, həmin peyğəmbərlərin yaxınlarında belə bir məqam olmadığı üçün verilmir. Əgər bu əmr peyğəmbərin ailəsini qorumaq məqsədi ilə olsaydı, digər peyğəmbərlərə də belə bir əmr verilərdi. Amma yalnız Hz. Məhəmmədə (s) belə bir fərman verilib. Bəs, nə üçün?

Bu fərqlilik, Hz. Məhəmmədin (s) ailəsində, yəni Əhli-Beytdə xüsusilik olduğu üçün ortaya çıxır. Ayədə qeyd edilir ki, "Bu sizin özünüz üçündür." Yəni, Əhli-Beyti sevmək Peyğəmbərin ailəsini qorumaq üçün deyil, insanlığın öz xeyrinədir. Onları sevmək bəşəriyyətin mənəvi təkamülünə səbəb olacaqdı. Bu səbəbdən Allah bu sevgini bütün ümmətə vacib edir.


Məlumdur ki, Əhli-Beytin məhəbbəti həm şiə, həm də sünni mənbələrində yekdilliklə qəbul edilən bir məsələdir. Əhli-sünnə alimləri də təsdiq edirlər ki, Əhli-Beytin sevgisi müsəlmanlar üçün vacibdir. 

Bu xüsusda Peyğəmbərdən (s) bir hədisdə belə buyurulur: “Məni özünüzdən, ailəmi də ailənizdən artıq sevməyənə qədər mömin deyilsiniz,” yəni, həqiqi mömin deyilsiniz. Bu hədis çox mühüm bir məsələni ortaya qoyur: Niyə biz Rəsulullahı (s) özümüzdən artıq sevməliyik? Niyə onun ailəsini öz ailəmizdən üstün tutmalıyıq? Və ümumiyyətlə, bu hökm həqiqi hökmdür, yoxsa təyini hökm? 


Əvvəlcə həqiqi hökm və təyini hökmün nə olduğuna nəzər salaq.


Əgər bir məsələdə səbəblə nəticə arasında real, ontoloji bir əlaqə varsa, bu, həqiqi hökmdür. Yəni, nəticə səbəbdən ayrılmazdır və qaydanın pozulması real bir problemə səbəb olur. Təyini hökm isə səbəbin nəticəyə birbaşa təsir etmədiyi hallardır. Bu növ hökmlər sadəcə insanlar tərəfindən qoyulmuş qaydalardır və onların pozulması real zərər yaratmasa da, sosial və ya inzibati baxımdan problemlərə yol açır.


Həqiqi hökmə misal olaraq deyə bilərik ki, məsələn, vaxtı keçmiş bir məhsulu yemək zəhərlənməyə səbəb olur. Bu, həqiqi hökmdür, çünki səbəb (zəhərli məhsul) nəticəni (zəhərlənmə) birbaşa yaradır. Burada səbəb ilə nəticə arasında ayrılmaz bir əlaqə vardır.


Təyini hökmə isə işıqfor qaydası yaxşı bir nümunədir. Qaydaya görə, yaşıl işıqda hərəkət etmək, qırmızı işıqda dayanmaq lazımdır. Lakin bu, təbii bir məcburiyyət deyil. Əksinə, bu qayda insanlar tərəfindən təhlükəsizliyi təmin etmək üçün təyin olunub. Əgər kimsə qırmızı işıqda keçsə, bu, qayda pozuntusudur, lakin səbəblə nəticə arasında həqiqi, birbaşa əlaqə yoxdur.


Bəs hədisdəki hökm hansı kateqoriyaya aiddir? 


Rəsulullah (s) buyurur ki, onu və Əhli-Beytini özümüzdən və ailəmizdən artıq sevməliyik. Bu hökm zahirən bir test kimi görünə bilər, lakin əslində həqiqi hökmdür. Çünki insan Rəsulullahı (s) və onun Əhli-Beytini layiqincə sevməsə, mənəvi olaraq kamilləşə bilməz. Bu sevgi insanı Allahın sevimlisi olmaq yoluna aparır, ruhu nuraniyyətlə doldurur və təkamülə çatdırır. Sevgi burada səbəbdir, nəticə isə mənəvi təkamüldür. Bu səbəblə, bu hökm həqiqi hökmdür, çünki sevgisiz kamillik mümkün deyil. Təyini hökmlər yalnız bir qayda çərçivəsində məhdudlaşır. Onlar pozulduqda insan mənəvi və ya fitri zərər görməz, sadəcə qayda pozulmuş olar. Lakin həqiqi hökmlər pozulduqda nəticə birbaşa və real olaraq insana təsir göstərir. Peyğəmbəri (s) və onun ailəsini sevmək məsələsində bu sevginin olmaması insanın mənəvi vəziyyətinə birbaşa təsir edir. Çünki bu sevgi olmadan insan həqiqi mömin ola bilməz. Beləliklə, Peyğəmbərin (s) tələb etdiyi sevgi təkcə şifahi bir tələb deyil, bu, insanın fitrətini, imanını və mənəvi kamilliyini tamamlayan vacib bir şərtdir. Bu sevgi möminin imanının ayrılmaz bir parçasıdır və Rəsulullahı (s) sevmək sadəcə bir qayda deyil, həqiqi bir zərurətdir.


Biz az da dərinə gedək. Biz Peyğəmbərdən (s) soruşuruq: “Ya RəsulAllah, niyə bu hədisi deyirsən? Məqsədin odur ki, biz Səni peyğəmbər olduğun üçün çox sevək? Yoxsa burada daha dərin bir məsələ var?” Belə bir sualda, Peyğəmbərin (s) verdiyi cavab hədisin mahiyyətini dərk etməyimizə kömək edir. Bu, adi bir hörmət tələb edən təyini hökm deyil. Məsələn, evin böyüyünə hörmət etmək ailə işlərinin yolunda getməsi üçün qaydadır, ya da məktəbin direktoruna hörmət etmək intizamı qorumaq üçündür. Bunlar təyini hökmlərdir, yəni qaydalarla müəyyənləşdirilib və pozulduqda əsasən sosial problemlər yaranır. Ancaq Peyğəmbərin (s) hədisindəki tələb həqiqi hökmdür. Bu nə deməkdir? Peyğəmbər (s) bu sevginin bir meyar olduğunu deyir. İnsan kimi və nəyi sevir? Adətən, insan dəyərli, kamil və gözəl olan şeyləri sevir. Bu sevgi həm fitri, həm də şüura əsaslanır. Sevdiklərimizin arasında isə ən birinci yeri özümüz tuturuq. Niyə? Çünki özümüzü hər kəsdən çox sevirik, özümüzə daha yaxın hiss edirik, öz dəyərimizi daha yaxşı bilirik və özümüzü daha çox kamillikdə görürük. Bu sevgi təbii bir məsələdir. Lakin Peyğəmbər (s) bu hədislə bildirir ki: “Xəbəriniz olsun, əgər məni həqiqətən dərk etsəniz, başa düşərsiniz ki, mən sizdən daha sevimliyəm. Mən sizin üçün sizdən daha yaxınam, mən sizin üçün sizdən daha faydalıyam. Mənim sizə olan sevgim sizin özünüzə olan sevginizdən də üstündür. Mən sizi sizdən daha çox istəyirəm. Mən sizin kamilliyiniz üçün sizdən daha çox çalışmışam. Ona görə də, mən sizin sevginizə ən çox layiq olanam. Məni özünüzdən çox sevməlisiniz. Mənim ailəmi də öz ailənizdən çox sevməlisiniz.” 


Bəs bu sevgi nə üçün vacibdir? 


Peyğəmbəri (s) sevmək təkcə onun şəxsiyyətinə olan hörmət deyil, insanın öz mənəvi təkamülü üçün zəruri bir faktordur. Peyğəmbər (s) insan üçün ən üstün nümunədir, yol göstəricidir. Ona görə də, insan Peyğəmbəri (s) özündən üstün bilməli, onun dəyərini anlamalı və bu dəyəri öz həyatına tətbiq etməlidir.

Bu həqiqi hökmdür. Çünki bu sevgi olmasa, insan kamil iman səviyyəsinə qalxa bilməz. Peyğəmbər (s) və onun Əhli-Beytinə olan sevgi insanın imanının göstəricisidir və bu sevgi insanı mənəvi təkamülə aparır. Bu sevgi olmadan, insan öz fitri yolunu tapa bilməz.

Mühüm bir mövzudan bəhs edirik və diqqət yetirilməlidir ki, bu məsələlər dinşünaslıq sahəsində əsaslı anlayışa sahib olmaq üçün vacibdir. Dinşünaslıq bir çox aspektləri əhatə edir, lakin burada toxunulan mövzular onun ən fundamental məsələlərindən biridir. 


Deməli, Peyğəmbərin (s) hədisində dərin bir həqiqət var. Peyğəmbər (s) buyurur: “Məni özünüzdən, ailəmi isə ailənizdən üstün bilməyənə qədər, sevməyənə qədər həqiqi mömin deyilsiniz.” İnsan öz övladını sevir, bu, onun təbiətində mövcud olan instinktiv bir xüsusiyyətdir. Dini terminologiyada buna “qərizə” deyilir. İnsan övladını sevir, çünki övladını özünün bir parçası kimi qəbul edir, özünün davamçısı hesab edir. Psixoloji baxımdan da insanın öz övladına bağlı olması və onu qorumağa çalışması təsdiqlənmişdir. Lakin Peyğəmbərin (s) hədisində göstərilən prinsip insanın bu təbii sevgisinin fövqünə yüksəlməsini tələb edir. Peyğəmbər (s) bildirir ki, onun ailəsi – İmamlar və Həzrəti Zəhra (s.ə) insanların öz ailələrindən daha üstün və sevilməyə daha çox layiqdir. İnsan övladını nə qədər sevərsə, Peyğəmbər (s) və onun Əhli-Beytini bundan da artıq sevməli olduğunu dərk etməlidir. Bu sevgi isə icbari deyil, həqiqi bir hökmdür. 


Peyğəmbər (s) və Əhli-Beyt özlərini zorla sevdirmək məqsədini güdmürlər, bu, bir reallıqdır. Bu sevgi yalnız fərdin özü üçün faydalıdır və onu təkamülə çatdıra bilər. 

Bu məsələnin həqiqətini anlamaq üçün bir neçə hədisə diqqət edək.


Həzrət Əli (ə) çox mühüm bir hədisdə buyurur: “Əgər qəlbi nurani olan bir möminin burnunu qılıncımla əzib ona əziyyət etsəm, o heç vaxt mənə qarşı düşmənçilik etməz. Lakin bir kafirə bütün dünyanı versəm, yenə də məni sevməz.” Bu hədis zahirən sadə görünsə də, əslində çox dərin məna daşıyır və insanın ruhunu, qəlbini, imanını dəyərləndirmək üçün bir meyardır. Həzrət Əli (ə) burada iki zidd qütbü müqayisə edir: mömin və kafir. Mömin dedikdə Həzrət (ə) təkcə zahiri imanı nəzərdə tutmur. O, qəlbində həqiqi iman, saflıq və nuraniyyət daşıyan insanlardan danışır. Belə bir insanın qəlbi pak olduğu üçün haqqı, gözəlliyi və paklığı sevməyə təbii meyli vardır. Həzrət Əli (ə) haqqın təcəllası olduğuna görə, həqiqi mömin heç vaxt ondan üz çevirməz. Möminin qəlbi o qədər safdır ki, zahirən əziyyətə məruz qalsa belə, bu, onun haqq sevgisini azaltmaz. Əksinə, qəlbi napak və xəbis olan bir kafir isə haqqı qəbul edə bilmir. Həzrət Əli (ə) bu hədisdə vurğulayır ki, belə bir insanın daxili saf olmadığından, hətta ona dünyanın bütün zənginliklərini versən belə, o haqqı sevə bilməz. Çünki o, öz mənafeyi və zahiri ehtiyacları əsasında hərəkət edir, daxili meyilləri isə haqqdan uzaqdır.


Bu hədis insan qəlbinin və ruhunun vəziyyətinin nə qədər mühüm olduğunu göstərir. Həzrət Əli (ə) insanın təkcə zahiri əməllərinin deyil, daxili ruhiyyəsinin və qəlbinin əsl meyar olduğunu bildirir. Qəlbi pak olan şəxs paklığı, yəni haqqı və ədaləti sevəcək. Əksinə, qəlbi xəbis olan şəxs nə qədər yaxşılıq görsə də, onun qəlbi haqqı qəbul etməyəcək. Bu hədis həm də insana öz qəlbini dəyərləndirmək üçün bir test təqdim edir. Həzrət Əli (ə) bildirir ki:


1.Qəlbi saf olan şəxs haqqı sevir və ona meyillidir. Əgər insan öz daxilində haqq və paklığa qarşı sevgi hiss edirsə, bu, onun qəlbinin paklığından xəbər verir.

2.Qəlbi xəbis olan şəxs isə haqqdan uzaqdır. O, nə qədər yaxşılıqla qarşılaşsa da, bu, onun qəlbində dəyişiklik yaratmayacaq.


Həzrət Əlinin (ə) bu hədisi insanın ruhunu və qəlbini təmiz saxlamağın, haqqı sevməyə və ona yaxınlaşmağa çalışmanın nə qədər əhəmiyyətli olduğunu vurğulayır. Qəlbin paklığı insanın imanının və həqiqi möminliyinin əsas göstəricisidir. Eyni zamanda, bu hədis haqqı qəbul etməyənlərin daxili vəziyyətini və onların haqqdan niyə uzaq olduqlarını izah edir. 


Başqa bir hədisdə də buna nümunədir. Peyğəmbərin (s) dövründə baş verən bu hadisə insanın qəlbinin nuraniliyinin və haqqı tanıma qabiliyyətinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Rəvayətə görə, uzaq bir regionda yaşayan bir kişi Peyğəmbərin (s) son illərində onun hüzuruna gəldi. Bu kişi artıq iman gətirmişdi və Peyğəmbəri (s) şəxsən görmək üçün uzun yol qət etmişdi. O, Peyğəmbərə (s) müraciət edərək dedi:


“Ya RəsulAllah, mən iman gətirdim və Səni görməyə gəldim. Amma mən bura nadir hallarda gəlirəm. Allah eləməsin, bir gün gəlib görsəm ki, Sən artıq burada deyilsən, Səndən sonra kimə tabe olmalıyam? Kimdir Sənin haqq canişinin?” 

Peyğəmbər (s) bu suala hər kəsə cavab verməzdi. Amma bu kişinin daxili nuraniliyini, qəlbinin işlək olduğunu gördüyü üçün ona xüsusi bir cavab verdi. Buyurdu: “Ad çəkməyəcəyəm, lakin o şəxs buradakı insanlar arasındadır. Axtar, qəlbin səni doğru adama yönləndirəcək”.


Bu cavabın özü də bir test idi. Peyğəmbər (s) bu kişinin qəlbinin haqqı tanıma qabiliyyətinə güvənirdi. O, bu şəxsi qəlbinin nuraniliyi və imanından istifadə edərək doğru insanı tapmağa yönləndirdi. Kişi camaatın arasında dolaşdı, hər kəsi diqqətlə müşahidə etdi. Nəhayət, Həzrət Əliyə (ə) çatanda qəlbi rahatlıq tapdı və öz-özünə dedi: “And olsun ki, budur Peyğəmbərin haqq canişini”. Bu nəticəyə gəlmək üçün o, Peyğəmbərdən (s) bir daha təsdiq istəmədi. Çünki qəlbi nurani olan şəxs haqqın təcəllasını tanıya bilirdi. Çünki Peyğəmbərdən (s) sonra nuraniyyətin ən yüksək təcəllası Həzrət Əli (ə) idi və bu kişi bunu dərhal hiss etmişdi.


Bu hadisə onu göstərir ki, həqiqi sevgi və bağlılıq yalnız qəlbin paklığı ilə mümkündür. O dövrdə belə, Həzrət Əlini (ə) görənlər, qəlblərində haqq sevgisi olanlar ona yaxınlaşar və deyərdilər: “Ya Əli, mən səni çox sevirəm.” Bu sevgi qəlbin nuraniyyətindən, haqqın və gözəlliyin təcəllası olan şəxsi tanımaqdan irəli gəlirdi.


Beləliklə, Allahın bizə haqqı sevməyi əmr etməsi təsadüfi deyil, ontoloji bir məsələdir. Əvvəla bu sevgi bir testdir, insanın qəlbinin haqqı sevib-sevmədiyini göstərir. İkinci olaraq, sevginin dərəcəsini müəyyən edir. Üçüncü olaraq, bu sevginin təzahürü, yəni haqqı sevmək və bu sevgini əməl ilə ifadə etmək insanın nuraniyyətini artırır və qəlbini daha da paklaşdırır

Oxşar məqalələr